Baş səhifə    » BAYRAQ    » Dünyanın ən hündür bayraqlarından biri   

Dünyanın ən hündür bayraqlarından biri

  


Dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. “Ginnes”in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin 30 dekabr tarixində Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko" şirkəti icra edib.
İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kv. metr, kütləsi isə təqribən 350 kiloqramdır. Yaş halda bayrağın çəkisi 2 dəfə artır. Üçrəngli bayrağın dalğalandığı dirəyin pyedestalının divarının ərsəyə gəlməsində ölkənin əksər rayonlarından gətirilən 28 milyon ədəd çay daşından istifadə edilib, bayrağın əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradılıb.
Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin 1 sentyabrında həyata keçirilib.
Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.



Oxunub: 420619



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on