Baş səhifə    » FƏLSƏFƏ    » XI-XII əsrlərdə fəlsəfə    » Azərbaycanda sufilər və əxilər   

Azərbaycanda sufilər və əxilər

  


XI-XII əsrlərin başlıca ideya cərəyanlarından biri təsəvvüf idi. XI əsrə qədər sufi mütə-fəkkirlərin fəaliyyətini, ideya istiqamətini iqtisadi və ictimai-siyasi şəraitlə bərabər, əsasən onların fərdi həyat yolları müəyyənləşdirirdi. Bu və ya digər böyük sufi şeyxini özünə mürşid seçib, onun yolunu axıradək ardıcıllıqla davam etdirmək cəhdinə o zamankı sufilər arasında az təsadüf edilirdi. Bəzi istisnalar nəzərə alınmazsa, mürşid ilə mürid ən yaxşı halda müəllim ilə şagird münasibətində idi. Təriqəti qət etmək, hallara yiyələnmək və hətta qovuşmaq prinsipi hamı üçün ümumi olmaqdan daha çox fərdi səciyyə daşıyırdı. X əsrin sonlarından etibarən sufi icmaları təşkil olunub, geniş yayılmağa başlayır. 
Sufi müridlər bir növ yataqxanalarda (ribat, zaviyə, xənəkə, təkkə), yaxud müstəqil surətdə öz evlərində yaşayırdılar. Ribat və zaviyələrdə bu və ya digər dərəcədə xidmət göstərmək, ümumiyyətlə, görkəmli sufilərdən müəyyən müddət ərzində təlim almaq o dövrün əksər sufiləri üçün demək olar ki, adət şəklinə düşmüşdü.
Sufilik ayrı-ayrı mütəfəkkirlərin təlimlərinə görə şaxələnib müəyyən ordenlərə (silsilə) çevrilirdi. XII əsrdə Əbunnəcib Sührəvərdinin və onun qardaşı oğlu Əbuhəfs Sührəvərdinin adı ilə bağlı sührəvərdilik, Əhməd ibn Əli Rifainin (1106-1182) adı ilə bağlı rifailik, Əbdülqadir ibn Əbusalih Cili Cilaninin (...-1166) adı ilə bağlı qadirilik, Nəcməddin Kübranın (1145-1221) adı ilə bağlı kübravilik, Əhməd ibn İbrahim Yəsəvinin (1078-1166) adı ilə bağlı yəsəvilik və başqa sufi ordenləri yaranmış, sonrakı dövrlərdə formalaşaraq bitkin cərəyanlara çevrilmişdir. Təsəvvüf mötədil və ifrat olmaqla iki istiqamətdə inkişaf edirdi: mötədil sufilər islam monoteizmindən kənara çıxmırdılar, ifrat sufilər isə az-çox dərəcədə panteizmə meyil göstərirdilər. Azərbaycanda mötədil sufizmin görkəmli nümayəndələri vardı. Onlardan Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdi (1063-1137), onun qardaşı oğlu Əbunnəcib Əbdülqahir Abdulla oğlu Sührəvərdi (1097-1168) daha məşhur idilər.
Sufi təliminin mötədil qoluna mənsub Əbunnəcib Sührəvərdinin nəzərində təsəvvüf- şəriətdən başlayıb, təriqətdən (mənəvi kamillik yolundan) keçərək həqiqətdə sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ əməl və üçüncü mərhələ vergi ilə səciyyələnir. Əbunnəcib Sührəvərdinin sufi təlimi onun əmisinin adını daşıyan qardaşı oğlu Əbuhəfs Ömər Məhəmməd oğlu Sührəvərdi (1145-1234) tərəfindən davam və inkişaf etdirilmişdir. O, böyük süfi mütəfəkkir, hüquqşünas alim olmaqla bərabər görkəmli siyasi xadim, nüfuzlu diplomat idi.
Təsəvvüfdəki bir sıra etik-əxlaqi və ictimai-siyasi fikirlər o dövrdə mövcud əxilik, məlamətilik və qələndərilik cərəyanlarının ideologiyası ilə çulğalaşmışdır.
Orta əsrlərdə əxilər müxtəlif ictimai mövqe tuturdular. Mənbələrin verdiyi məlumatlarda əxi kəndlidir, tacirdir, ətrafına müridlər toplamış sufidir, ilahiyyat alimidir, əmirdir, qazidir və ələlxüsus sənətkardır. Əxi icmalarının üzvləri bəzi sufi təşkilatları kimi nəzir-niyaz hesabına yaşa-mır, öz halal zəhmətləri ilə dolanırdılar. Əxilər sünni məzhəbinə mənsub sayılsalar da, fikir azadlığına, əqidə sərbəstliyinə pis baxmırdılar.
Azərbaycanda XI-XII əsrlərdə sufizmin ifrat qoluna mənsub mütəfəkkirlərə gəldikdə, onlardan Məhəmməd Bakuvi və Əbülfərəc Zəncani məşhurdurlar.
Şəriət qaydalarını pozmaqda ittiham edilən qələndərilər dini ayinlərə etinasız yanaşır, namaz qılmır, oruc tutmur, rəsmi adətlərə riayət etmirdilər.
Sufilərdən fərqli olaraq əxilik, məlamətilik və qələndərilik yalnız praktiki səciyyə daşıyırdı, nəzəri məsələlərə nüfuz etmir, idraki məqsədə yönəlmirdi.
Mötədil sufilərə görə insan öz "mən"ini itirib, Allahın "Mən"ində vücuda gəlir.
Tədqiqatçılar sözün əsil mənasında panteizmin Yaxın və Orta Şərqdə XII əsrin sonunda meydana çıxdığmı göstərmişlər.



Oxunub: 579931



Azərbaycan Televiziyaları
İnternet Radio