Baş səhifə
» TARİX
» Tarixi liderlərimiz
Tarixi liderlərimizTarixi liderlər tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi liderlərinə borcludur. Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər yetişib. Həmin liderlərin tarixi missiyası ilə sizi tanış edirik: Albanların son hökmdarı olmuşdur. Hələ Sasani tərkibində olarkən ərəblərə qarşı öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. Sasani imperiyasının zəifləməsindən istifadə edərək müstəqilliyini əldə edən Albaniyaya cənubdan Sasani İranı, Qərbdən Bizans təzyiq göstərmiş, şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış, cənubdan isə ərəblər yürüş etmiçlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim olaraq xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr ölkənin müstəqilliyini hələ onun ölümündən sonra da 20 ildən çox bir müddət yaşamasına imkan yaratdı. Babək Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı bütün Azərbaycana yayılmış oldu . 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 nəfər əsgər və çoxlu sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən bir hesab olunur. Eldənizlər dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası kəsilməyən yürüşlər edən gürcü knyazlarına qarşı uğurlu mübarizə apararaq1175-ci ildə gürcüləri məğlub etdikdən sonra qərb sərhədlərində vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa olunmuşdur. Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. Şeyx İbrahim görkəmli siyasi xadim olmuşdur. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra onları bağışladı. Uzun Həsən (hakimiyyət illəri: 1468-1478) 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı - başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Uzun Həsən ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bunula da ölkədə top istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur. Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524) 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır. Bütün əraziləri özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı. Şah I Abbas (hakimiyyət illəri: 1587-1629) Şah I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi. Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi. 1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları Hörmüzdən çıxarmaqla müstəqilliyə olan zərbələri birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun qarşısını aldı və yenidən inkişafına rəvac verdi. Nadir şah Əfşar (hakimiyyət illəri: 1736-1747) Nadir şah hаkimiyyətə gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət hаlındа birləşməsinə nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və möhkəmləndirmişdir. Nadir Şah, 1736-cı ildə hakimiyyətə gələn kimi Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum çаylаrını аdlаyıb 1738-ci ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də öz hakimiyyəti altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir və Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn, kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə sabitliyi qısa bir müddətə də olsa bərpa edə bilmişdir. Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763) XVIII əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir. Cavad xan (hakimiyyət illəri: 1748-1804) Gəncə xanlığının son hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində Nadirin verdiyi Şəmşəddil mahalını geri qaytarmışdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilə qədər Rusiya təbbəliyini qəbul etməmiş və xanlığın azadlığı uğrunda mübarizə aparmış və yalnız yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisiyanovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Qubali Fətəli xan (hakimiyyət illəri: 1758-1788) Nadir şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu.
|