Azərbaycanda rəssamlıq sənəti ilə qədim zamanlardan məşğul olmuşlar. Eradan əvvəl II minilliyə aid olan Qobustan qayaüstü rəsmləri, Kəlbəcər rayonunun Ayıçınqıl və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər bunu bir daha sübut edir.
Azərbaycan rəssamlıq sənənti özünün zənginliyi və yaradıcı şəxsiyyətlərinin çoxcəhətliliyi, həmçinin mövzu və janr diapazonunun genişliyi ilə fərqlənir. Azərbaycanlı rəssamların təsviri sənətin bütün növlərində yaratdıqları əsərlər həm üslubu baxımından və işləmə texnikasına görə, həm də obrazlıq, emosionallıq, ifadə gözəlliyinə görə həmişə diqqəti cəlb edir, eyni zamanda özünəməxsusluğu və milliliyi ilə seçilir. Bu əsərlərin çoxu nəinki Azərbaycanın, eləcə də dünyanın ən məşhur sərgi salonlarını bəzəyir. Qeyd edək ki, bu rəsm əsərləri XIII əsrdən XXI əsrin əvvəllərinə qədərki dövrü əhatə edir.