Baş səhifə
» RƏSSAMLIQ
» Miniatür
Miniatür haqqındaMiniatür - kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəridir. Bu sənət əsasən kitab illüstrasiyası kimi yaranıb, elmi, tarixi və bədii əsərlərə çəkilib, xüsusilə, klassik Şərq poeziyasının bilavasitə təsiri altında inkişaf edib.
Azərbaycanda miniatürün tarixi Orta Şərq miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Mağara kimi şəhərlərində yaranıb. Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sənətin indiki dövrə gəlib catan ən kamil nümunələri “Vərqa və Gülşa” (XIII əsrin əvvəli, “Topqapı” muzeyi, İstanbul), Rəşidəddinin “Cami–ət–Təvarix”dir (1307 və 1314, Paris, London, İstanbul muzeyləri). XIV əsrdə bu sənətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) formalaşması 1340-1350-ci illərə aid edilən "Böyük Təbriz Şahnaməsi", yaxud "Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapıb. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmaya çəkilən miniatürlərindən hələlik 58-i məlumdur. Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması (1405-1410, “Frir” qalereyası, Vaşinqton), dahi rəssam Əbd-əl-Xayyinin Sultan Əhmədin şeirlər "Divanı"na çəkdiyi rəsmləri (1405-1410, “Frir” qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı üslub Təbriz məktəbinin kamilləşməsini göstərir. XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London), Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir"; “Topqapı” muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir. Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri kimi Şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər. XVI əsr Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli "Xəmsə" (“Metropoliten-muzey”i, Nyu-York), "Şahnamə" (Şərqşünaslıq İnstitutu, Sankt-Peterburq), 1528-ci il tarixli "Cami ət-təvarix" ( M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Təbriz məktəbi simasında 1530-1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü "Şah və Dərviş" (M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı “Metropoliten-muzey”də, qalan hissəsi Nyu-Yorkda, “Haufton” kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539-1543, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri - ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya, Türkiyə, Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış belə miniatürlərdən Mirzə Əli Təbrizinin "Sarayda musiqi məclisi", Sultan Məhəmmədin "Ov səhnəsi" triptixləri, Mir Seyid Əlinin "Kənd həyatı" və "Şəhər həyatı" tabloları Şərq miniatür sənətində müstəsna yer tutur. Bundan başqa, Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. XVI əsrdə Azərbaycan miniatür sənətinin inkişafı Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilib. XVII əsrin əvvəllərində Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəlir. XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya və koloritinə görə bəsit, sxematik xarakter daşıyırdı. Əvəzəli Muğanlının "Kəlilə və Dimnə" (1809), Mirzə Əliqulunun "Şahnamə" (1850), Mir Möhsün Nəvvabın "Bəhr üləzən" (1864), Nəcəfqulu Şamaxılının "Yusif və Züleyxa" (1887; AREA Əlyazmaları İnstitutu) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir. Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində istifadə edilir. Müasir rəssamlardan Mikayıl Abdullayev (1921-2002) klassik irslə bağlı olan bir sıra əsərlər yaradıb. Rəssam"Kitabi-Dədə Qorqud" (1962 və 1979-cu il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin "Nizami" stansiyasında şairin əsərlərinin motivləri əsasında mozaika lövhələrini də miniatür üslubda yaradıb. Xalq rəssamı Arif Hüseynovun (1943) “Azərbaycan nağılları”, “Novruz bayramı” ilə bağlı müniatür əsərləri çox məşhurdu. Miniatür janrında çəkən müasir rəssamlardan Altay Hacıyev, Rafis İsmayılov, Nüsrət Hacıyev, Orxan Hüseynovu göstərmək olar.
|