Baş səhifə    » RƏSSAMLIQ    » Boyakarlıq   

Boyakarlıq haqqında

  


Rəssamlıq - təsviri sənətin bir növüdür. Burada real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi formasi, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Təsviri sənətin boyakarlıq, karikatura, miniatür, qrafika, mozaika kimi sənət bölmələri var.
Boyakarlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Boyakarlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:
monumental boyakarlıq; dekorativ boyakarlıq; teatr-dekorativ boyakarlığı; miniatür boyakarlığı; dəzgah boyakarlığı. Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.
Boyakarlığın ən geniş yayılmış forması dəzgah boyakarlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər “molbert” adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı boyakarlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental boyakarlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Məzmun etibarilə boyakarlıq sənəti bu janrlara bölünür: tarixi boyakarlıq; mifoloji boyakarlıq; məişət boyakarlığı; portret boyakarlığı; mənzərə boyakarlığı; natürmort boyakarlığı və s.

Azərbaycanda boyakarlığın tarixi
Bu janrların təşəkkülü əsasən XV əsrdən başlayaraq dəzgah boyakarlığının inkişafı ilə bağlı olub. Tarixi boyakarlıq janrına tarixi hadisələri, tarixi qəhrəmanları əks etdirən əsərlər daxildir.
Bu sənətin Azərbaycanda ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda, Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.
Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri həkk olunub.
Orta əsrlərdə Azərbaycanda miniatür boyakarlığı geniş inkişaf edib. XVİ əsr Təbriz miniatür məktəbinin görkəmli rəssamları Sultan Məhəmməd, Müzəffər Əli, Mir Seyid Əli tərəfindən dünya müzeylərində saxlanılan nadir miniatür boyakarliq əsərləri yaradılıb. 
Orta əsrlərdə Azərbaycan boyakarlıq sənəti memarlıqla da üzvi əlaqədə olub. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olub. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanıb. XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir.
Azərbaycan monumental boyakarlığının ənənələri (İrəvanda Sərdar Sarayının XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilib), Şuşada bir sıra evlərin rəsmlə bəzənməsində davam etdirilib. 
Azərbaycan dəzgah boyakarlığının inkişafı da Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərib, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari" kimi bədii cəhətdən kamil portretlər yaradıb. Bu dövrdə Mir Möhsun Nəvvabın əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri, şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri də diqqəti cəlb edir.
Səhnə tərtibatı sahəsində də rəssamlarımız böyük uğurlara nail olublar. T.Salahov "Antoni və Kleopatra", "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarılı) pyeslərinin, xüsusilə "Koroğlu" operasının (Ə.Fətəliyevlə birgə) tamaşasına verdiyi bədii tərtibatda aydın konstruksiyalı, əzəmətli dekorlar yaradıb. M.Abdullayev "Leyli və Məcnun", "Koroğlu" (Ü.Hacıbəyov) operalarının və "Çitra" (Niyazi) baletinin tərtibatını şux və əlvan boyalarla həll edib. T.Nərimanbəyovun "Qobustan kölgələri" (F.Qarayev), "Yeddi gözəl" (Q.Qarayev), "Nəsimi dastanı", "1001 gecə" (F.Əmirov) baletlərinin tamaşaları romantik üslub tərtibi ilə fərqlənir. Teatr-dekorasiya sənətinin inkişafında B.Əfqanlı, H.Mustafayev, S.M.Fefimenko, Y.A.Toropov, Ə.Abbasov, E.Aslanov, B.Əfəndiyev, M.Əliyev, A.Seyidov, E.Məmmədov, S.Haqverdiyeva, F.Əhmədov, Q.Məmmədov, F.Ə.Xəlilov, F.Qafarov və digər rəssamların, kino sahəsində C.Əzimov, K.Nəcəfzadə, N.Zeynalov, F.Bağırov, R.İsmayılov, M.Ağabəyov, N.Bəykişiyev və b. mühüm xidmətləri olub.
XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının müstəqilliyi şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yeni mərhələ başlanıb. N.Qasımov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, A.İbrahimov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. rəssamlar boyakarlıq janrında orijinal tablolar yaradıblar.



Oxunub: 183645