Baş səhifə
» RƏSSAMLIQ
» Karikatura
Karikatura haqqındaKarikatura (latınca: carrus - şişirtmək deməkdir) dedikdə insanların və ya cəmiyyətin vəziyyətinin komik şəkildə təsviri başa düşülür.
Karikaturalar çox vaxt siyasi məzmunlu olur. Şəkil karikaturaların yaradıcıları karikaturaçılar və ya karikaturaçı rəssamlar adlanır. Həyatın eybəcərliklərinin komik şəkildə təsviri, insanın daxili eybəcərliklərdən islah edilməsi istəyi karikatura sənətinin başlıca tələblərindəndir. Karikaturada çox vaxt mövcud dəyərlər və ya siyasi münasibətləri tənqid edən satiranın şəkil formasından söhbət gedir. Karikatura bilərəkdən verilmiş hadisənin və ya şəxsin xarakterik cizgilərini şişirdilmiş və təhrif olunmuş formada təsvir edir. Azərbaycanda karikatura Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri olan karikatura janrına ilk dəfə mətbuatda, satirik jurnallarda XIX əsrin ortalarında rast gəlinib. Azərbaycanda karikatura janrının inkişafı 1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" adlı həftəlik satirik jurnalının nəşri ilə bağlıdır. Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalının naşiri və baş redaktoru olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərib, müsəlmanları bir növ cahillik yuxusundan oyatmağa çalışıb. İkinci Dünya Müharibəsi dövründə əsasən vətənpərvərlik mövzusunda təbliğat plakatları, antifaşist karikaturalar olduqca kəskin təsir gücünə malik idi. Satiranın əli ilə zərbə vuran karikaturaçı rəssamlar S.Şərifzadə, S.Salamzadə, M.Vlasov və başqalarının xidmətləri danılmazdır. Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin yaranmasına 1952-ci ildə «Kirpi» satirik jurnalının nəşrə başlaması da təkan verib. Nəcəfqulu, H.Əliyev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, A.Ələsgərov, A.Quliyev kimi rəssamlar bu jurnalın səhifələrində cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdiriblər. Karikatura janrına marağın artması, bu sahəyə peşəkar boyakar rəssamların axını ilə müşayiət olunub. 1950-1960-cı illərdə Azərbaycanın görkəmli rəssamları M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Hacıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıb. 1960-1970-ci illərdə R.Qədimov, A.Ələsgərov, E.Abdullayev, F.Əliyev, M.İsmayılov, E.Avalov, M.Məmmədov və başqa rəssamların bu sahədə peşəkar işləri son nəticə etibarı ilə Azərbaycan karikatura sənətini zənginləşdirməyə xidmət edib. 1980-90-cı illərdə müstəqil Azərbaycanın karikatura sənəti yeni müstəviyə çıxıb. Müasir dünya karikaturası ilə səslənən, eyni zamanda milli-mənəvi köklərə bağlı olan karikaturaçıların beynəlxalq karikatura müsabiqələrində iştirakı və uğurları Y.Əsədov, E. Mirzəyev, H.Nəsiroğlu, S.Cəfərli, K.Abdin, G.Əlizadə, R.Şərif, S.Soltanlı, B.Hacızadə kimi rəssamlarımızın adı ilə bağlıdır. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar İctimai Birliyi (AKRIB) yaradılıb. Birlik Dünya Karikatura Təşkilatları Federasiyasının (FECO) üzvüdür.
|