Baş səhifə    » RƏSSAMLIQ    » Boyakarlıq    » Azərbaycanlı boyakarlar   

Azərbaycanlı boyakarlar

  

Bəhruz Kəngərli (1892-1922)
Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bəhruz Kəngərli boyakarlıq və qrafika əsərləri yaradıb, xüsusi dərnək açıb, fərdi sərgilərini təşkil edib. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. B.Kəngərlinin yaratdığı "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz insanların portretləri, "Elçilik", "Toy" kimi məişət kompozisiyaları, Naxçıvan teatrında tamaşaya qoyulmuş "Ölülər" (C.Məmmədquluzadə), "Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu" (Ə.Haqverdiyev) kimi səhnə əsərlərinə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan boyakarlıq rəssamlığının dəyərli örnəklərindəndir.

Səttar Bəhlulzadə (1909-1974)
Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri də rəssam Səttar Bəhlulzadədir. Onun yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri "Qız bənövşəyə gedən yol", "Doğma düzənliklər", "Torpağın həsrəti", "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. tablolarında öz əksini tapıb .Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir.

Böyükağa Mirzəzadə (1921-2007)
Boyakar rəssam Böyükağa Mirzəzadənin müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi boyakarlıq tarixinə daxil olub. O, natürmort janrında “Çətir altında natürmort”, portret janrında “Dirijor Niyazi”, “Aşıq Ələsgər”, “Akademik Məmməd Arif” kimi əsərlər yaradıb. Teatr dekorasiyası sahəsində də fəaliyyət göstərib – “Qaynana”, “Milyonçunun dilənçi oğlu” musiqili komediyalarının rəssamı olub.

Mikayıl Abdullayev (1921-2002)
Boyakar rəssam Mikayıl Abdullayevin tablolarında Azərbaycanın geniş, rəngarəng panoramı təsvir olunub. Rəssamın "Axşam", "Mingəçevir işıqları", "Azərbaycan çöllərində", “Sevinc”, “Səadət quranlar”, “Körpəsinin ardınca”, “Tarlada qarabağlı qız” və s. əsərlərində əmək adamları, məişət səhnələri lirik səpkidə verilib. "Hindistan silsiləsi"nə görə M. Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülüb. M. Abdullayevin portretlər qalareyasında “ Üzeyir Hacıbəyov”, “ Səməd Vurğun”, “Nəsimi” kimi əsərləri Azərbaycan portret boyakarlıq sənətinin klassik nümunələrindəndir.

Natiq Əbdürrəhmanov (1925-2008)
Natiq Əbdürrəhmanovun "Çəltik becərənlər", "Dağlarda qürub çağı" tabloları və Azərbaycan təbiətini canlandıran lirik mənzərələri boyakarlığın ən yaxşı nümunələri hesab olunur.

Tahir Salahov (1928)

Xalq rəssamı Tahir Salahovun "Növbədən qayıdanlar", "Səhər qatarı", "Abşeron qadınları", "Yeni dəniz" tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. Rəssamın xarici ölkələrin həyatına həst etdiyi lövhələri, mənzərə və natürmotları müasir Azərbaycan boyakarlığının ən yaxşı əsərləri sırasına daxildir. T.Salahovun müasir portret boyakarlıq janrında yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" portret sənətinin ən kamil nümunəsidir. Onun portret janrında çəkdiyi “Koroğlu”, “Mirzə Ələkbər Sabir”, “Fikrət Əmirov”, “Rəsul Rza” və “Aydan” əsərləri var. Onun əsərlər dünyanın mötəbər muzey və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.

Toğrul Nərimanbəyov (1930)
Xalq rəssamı Toğrul Nərimanbəyovun əsərlərində təbiət, müasirlərinin obrazı əlvan dekorativ boyalarla təsvir edilir. Rəssamın "Səadət", "Sevinc", "Torpağın bərəkəti", "Bazar" və s. tabloları, natürmort və mənzərələri nikbinlik motivləri ilə səciyyələnir. Onun improvizasiya məharəti "Parisi xatırlayarkən", "Bethoven dünyası" tablo və səhnə dekorlarında aydın nəzərə çarpır.



Oxunub: 96861