Baş səhifə
» MUSİQİ ALƏTLƏRİ
» Musiqi alətlərinin tədqiqi və bərpası
Musiqi alətlərinin tədqiqi və bərpasıQədim musiqi alətlərinin bərpası, ilk növbədə, orta əsr yazılı mənbələrinin və miniatür sənət əsərlərinin öyrənilməsi ilə başlayır. Tədqiqatçıların, musiqişünasların əsərlərinə, klassik poeziya nümunələrinə, şifahi xalq ədəbiyyatına, miniatür sənətinə, səyyahların yol qeydlərinə istinad edərək, bir vaxtlar Azərbaycan ərazisində çoxsaylı simli, nəfəs, zərb və özüsəslənən musiqi alətlərinin yayıldığını iddia etmək olar. Bu, sözsüz ki, Azərbaycan xalqının tarixən zəngin çalğı alətlərinə malik olmasına dəlalət edir. Azərbaycan musiqi mədəniyyətinin daha dərin qatları maddi mədəniyyət abidələrində, o cümlədən arxeofoji tədqiqat materiallarında öz əksini tapmışdır. Belə ki, Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış əşyalar arasında sadə musiqi alətlərinə də rast gəlinir. 30-cu illərdə Mingəçevir su hövzəsi tikildiyi zaman aparılmış qazıntılar gildən və heyvan sümüyündən hazırlanmış nəfəs alətləri (tütək, zurna, ney) aşkar etmişdir. Qədim alətşünaslıq mədəniyyəti haqqında çox vacib məlumatı musiqi elmi verir. Orta əsr musiqi nəzəriyyəçilərinin əsərlərində bu və ya digər musiqi alətlərinin quruluşu, səs düzümü, simlərinin sayı, diapazonu və s. xüsusiyyətləri haqqında ümumi təsəvvür yaradan məlumatlar toplanmışdır. Bu cəhətdən alətşünaslıq üçün ən qiymətli və geniş məlumatı orta əsr musiqi elminin inkişafında əsas yer tutan Səfiəddin Urməvi (XIII əsr) və Əbdülqadir Marağainin (XIV-XV əsrlər) risalələri verir. XVII, XVIII, XIX əsrlərdə Azərbaycanda mövcud olmuş musiqi alətləri barədə məlumatı Adam Olearinin, Engelbert Kempferin, Aleksandr Dümanın, Övliya Çələbinin və başqalarının yol qeydləri və xatirələrindən əldə etmək olar. Qeyd etmək lazımdır ki, 1991-ci ildən Bakı Musiqi Akademiyasının nəzdində "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Burada qədim musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətləri yenidən bərpa edilərək səsləndirilir. Qədim alətlərin bərpasında muzey eksponatlannın üzərində aparılan araşdırmaların nəticələri də əhəmiyyətli olmuşdur. Bu mənada laboratoriyanın elmi əməkdaşlarınm xidmətlərini xüsusi qeyd etmək lazımdır. Aparılan tədqiqatlar nəticəsində orta əsrlərdə istifadə edilmiş, sonralar tədricən unudularaq dövrümüzə gəlib çatmamış çəng, bərbət, çəqanə, çoğıtr, səntur, tənbur, rübab, rud, qopuz, ney kimi musiqi alətləri elmi şəkildə araşdırılmış, laboratoriya şəraitində yenidən quraşdırılaraq tam bərpa edilmişdir.
|