Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Simli alətlər   

Simli alətlər haqqında

  

Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır.
Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər.
Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.
Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür:
1. Mizrabla çalınanlar - tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur.
2. Kamanla çalınanlar - kamança, çəqanə.
3. Barmaqla çalınanlar (dartımlı) - çəng, Şirvan tənburu.
4. Zərblə çalınanlar - səntur.



Oxunub: 73947