Baş səhifə
» MUSİQİ ALƏTLƏRİ
» Simli alətlər
» Çəng
ÇəngQuruluşu etibarı ilə arfa tipli simli-yaylı musiqi alətidir. Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid edilən, üzərində çəng çalan qadın təsvir edilmiş saxsı qab parçası tapılmışdır. Tarixi mənbələrdən belə məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəngin, təxminən, 18-24 simi olmuşdur. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur. Çəng sözünün “tutmaq”, “yapışmaq” mənasını verdiyini güman etmək olar. Onun uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərində yerləşdirilmiş metal ilgəklərə, o biri ucları isə taxta aşıqlara bağlanır. Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi vardır. Alətin ümumi hündürlüyü 930 mm, çanağının hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik sıraya malik 30 səsdən ibarətdir. Diapazonu kiçik oktavanın «sol» səsindən ikinci oktavanın «si» səsinə kimidir. Çəng solo və ansambl aləti sayılır.
|