Baş səhifə    » MUSİQİ ALƏTLƏRİ    » Nəfəs alətləri    » Tulum   

Tulum

  


Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bəzən ona “tulum zurnası” da deyilib. 
Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış, ağzında tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir. Uzunluğu 260-280 mm olan həmin gövdələrin üzərində 7 oyuq açılır.
İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tuluğu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır.
Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.





Oxunub: 80527