Baş səhifə
» MİLLİ FACİƏLƏR
» Dövlət itirmə faciəsi
Dövlət itirmə faciəsiAzərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi (cəmi 23 ay). 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi. Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imperiya ambisiyasından əl çəkməyərək, hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu. Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı. Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi. Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi Xalq Cümhuriyyətinin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni hökuməti təşkil edə bilmədi. Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər. Nəhayət bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başladılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdu. Onlar axşam saat 21-də artıq Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, bu dəfə isə Sovet Rusiyası tərəfindən işğal olundu. Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin ən yadda qalan, unudulmaz mərhələsidir. Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında da ilk demokratik Respublika oldu. [audio]Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin Azərbaycan Demokratik Respublikasının elan edilməsinin 35 illiyi münasibətilə çıxışı.[/audio]
|