Baş səhifə    » COĞRAFİYA    » Nəqliyyat coğrafiyası    » Elektron nəqliyyat   

Elektron nəqliyyat

  

Elektron nəqliyyatı istehsal edilən elektrik enerjisinin istehlakçılara çatdırılmasına xidmət edir. Təsərrüfat obyektlərini və əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanda 1954-cü ildə vahid enerji şəbəkəsi yaradılmışdır. Bu sistem Rusiyanın və Gürcüstanın enerji şəbəkəsinə, son vaxtlarda isə İran və Türkiyənin enerji sisteminə birləşmişdir. Azərbaycandan Gürcüstana enerji verilir, İran və Türkiyədən isə Naxçıvan üçün enerji alınır.
Elektrik verilişi xətlərində gərginlik müxtəlif olur. Abşeron regionunun elekfrik enerjisi ilə təmin edilməsi üçün 220 kVt gərginlikli Mingəçevir-Bakı, Şirvan-Bakı elektrik verilişi xətləri çəkilmişdir. Bura 330 kVt gərginlikli, 250 km uzunluğunda ikinci Mingəçevir-Bakı (Azərbaycan DRES-dən) və Şirvan-Bakı elektrik verilişi xətti gəlir.
Azərbaycanın energetika sistemini Gürcüstanın enerji sistemi ilə birləşdirmək, inzibati rayonları elektrik enerjisi ilə təchiz etmək üçün Mingəçevir və Şirvandan Ağstafaya qədər elektrik verilişi xətti çəkilmişdir. Mingəçevirdən çəkilən xəttin gərginliyi 500 kVt-dır. O, 1987-ci ildə istifadəyə verilmişdir. Bakı-Xudat, Bakı-Lənkəran, Yevlax-Şəki-Balakən, Şirvan-Sabirabad-Füzuli-Ağdam əsas magistral elektrik verilişi xətləridir. Onlardan müxtəlif yaşayış məntəqələrini enerji ilə təchiz etmək üçün qollar ayrılır.
Bakı, Yevlax, Gəncə, Şirvan, Ağstafa, Kürdəmir, Culfa, Şəki, Hacıqabul, Xaçmaz Azərbaycanın əsas nəqliyyat qovşaqlarıdır.



Oxunub: 469211