Baş səhifə    » COĞRAFİYA    » İqtisadi coğrafiya   

Daxili və xarici iqtisadi əlaqələr

  

Ölkənin və ya onun regionlarının təbii şəraiti, sərvətləri, istehsal etdiyi məhsulların çeşidi və miqdarı onun iqtisadi əlaqələrini müəyyən edir. İqtisadi əlaqələrin quruluşu ölkədə istehsal olunan məhsulların keyfiyyətindən, kəmiyyətindən, onun xammallarla təmin edilməsi və əhalinin müxtəlif tələbatını ödəmək imkanlarından da asılıdır.
Respublikadaxili iqtisadi əlaqələr sənaye və kənd təsərrüfatı məhsullarının şəhərlər, kəndlər arasında bölüşdürülməsi, məhsulun sənaye müəssisələrinə, digər istifadəçilərə və əhaliyə çatdırılması ilə xarakterizə olunur. Belə ki, şəhərlərin əhalisini ərzaq, geyimlə, sənaye müəssisələrini xammalla təchiz etmək üçün kənd təsərrüfatı və hasilat sənayesi məhsulları şəhərlərə göndərilir. Kənd əhalisinin üstünlük təşkil etdiyi inzibati rayonlar isə əksinə sənaye məhsulları və ərzaq alır.
Şəhərlər ticarət paylayıcı və bölüşdürücü funksiyalarını yerinə yetirir. Buna görə də respublikanın idxal eldiyi məhsullar əvvəlcə iri şəhərlərə, xüsusilə Bakıya gətirilir. Sonradan onlar lazımi yerlərə çatdırılır. Respublikadaxili əlaqələrdə idxal məhsullarının daşınması mühüm yer tutur.
Xarici iqtissadi əlaqələrin həcmi və çeşidi Azəvbaycanın dünya ölkələri arasındakı BCƏB-də tutduğu yerə görə müəyyən edilir. Hazırda ölkənin müəssisə və təşkilatları, özəl qurumları dünyanın 82 ölkəsi ilə ticarət əlaqələrinə malikdir. Yaxın xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsi hesabına son vaxtlar Azərbaycanın mənfi xarici ticarət saldosu azalmışdır. İdxalın həcmi azalmış, ixrac artmışdır.
Xarici iqtisadi əlaqələrin, o cümlədən idxalın və ixracın yarısından çoxu uzaq xarici dövlətlərin payına düşür. Bu ölkələr arasında İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Almaniya, B.Britaniya, ABŞ, İsveç, Isveçrə, İtaliya, Fransa və s. fərqlənir.
Respublıkamızdan xarici ölkələrə göndərilən məhsulların 74%-ni neft və neft məhsulları təşkil edir. Azərbaycandan həmçinin xalça, kondisioner, elektrik mühərrikləri, kimya sənayesi məhsulları ixrac olunur. Ölkəyə un, buğda, şəkər və şəkər tozu, yağ, ət, düyü, kartof, çay, parça, paltar, mebel, cihazlar, maşın və avadanlıq gətirilir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin, o cümlədən idxalın və ixracın 30-40%-i MDB ölkələrinin payına düşür. Bu ölkələr sırasında Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkmənistan və Belorusiya irəlidə durur.
Xarici iqtisadi əlaqələrin digər növlərinə maliyyə-kredit, elmi-tədqiqat əlaqələrini, turizm əlaqələrini, maddi-istehsal sahəsində olan əməkdaşlığı aid etmək olar.
Son vaxtlar respublikanın bir çox müəssisələri yenidən qurulur, birgə müəssisələr yaradılır. Çayçılığın inkişafı üçün Türkiyənin "Beta", "Sara" və BƏƏ-nin “İntersun” şirkətləri ilə Bakı, Lənkəran, və Masallı çay fabriklərinin əsasında müştərək müəssisələr yaradılmışdır. Xaçmaz, Masallı və Quba konserv zavodlarının yenidən qurulması üçün İsveçin "'Tetra-Pak" şirkətindən avadanlıqlar alınmışdır. ABŞ-ın "Reynalds" və Türkiyənin "Star" şirkətləri ilə Bakı Tütün Kombinatı arasında bağlanmış müqaviləyə əsasən birgə müəssisə təşkil edilmişdir. Abşeronda ABŞ-ın "Koka-Kola" və "Pepsi-Kola" şirkətlərinin spirtsiz içkilər istehsal edən zavodları işləyir.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatların üzvü olmuşdur. Həmin ildə o İslam Konfransı Təşkilatının və bu təşkilatın nəzdində olan İslam İnkişaf Bankının üzvü qəbul olunmuşdur.
Respublikamız 30 yanvar 1992-ci ildən ATƏT-in, 2 mart 1992-ci ildən BMT-nin, 19 sentyabr 1995-ci ildən MDB-nin üzvüdür. BMT-nin tərkibində olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu kimi iri maliyyə təşkilatlarına ölkə 1992-ci ilin sentyabrında qəbul edilmişdir.
Azərbaycan həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının, Qara dəniz hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının və bir çox kütləvi beynəlxalq təşkilatların üzvüdür. 2001-ci il yanvarın 17-də ölkə Avropa Şurasına üzv qəbul olunmuşdur.



Oxunub: 530069