Baş səhifə    » COĞRAFİYA    » İqtisadi coğrafiya    » Xidmət sferası   

Xidmət sferası

  

İnfrastruktur sahələri və xidmət sferası
Son illərdə Azərbaycanda digər sahələrdə olduğu kimi bu sahədə də ciddi irəliləyişlər baş vermişdir. Regionlarda tikilmiş yeni xəstəxanalar, sağlıq mərkəzləri, məktəblər, bağçalar, otellər, kurort zonaları bunlara misal ola bilər. Bununla bərabər, əhalinin mənzil təminatı ilə bağlı da ciddi layihələr həyata keçirilmiş, bu layihələrdə müharibə veteranları və əlillərin mənzil problemləri əsas tutulmuşdur.
Təhsilin və elmin inkişafı ölkənin strateji inkişaf istiqamətləriııdən biridir. Ölkə çox güclü elmi potensiala malikdir. Azərbaycanda mövcud olan 25 dövlət ali məktəbində 101.7 min nəfər tələbə təhsil alır. Ölkənin elmi potensialının yarısı ali məktəblərdə cəmlənir. Son vaxtlar Respublikada özəl ali təhsil müəssisələrinin sayı sürətlə artır. 
Son illərdə səhiyyə sahəsində ciddi irəliləyişlər baş vermişdir. Müasir tələblərə cavab verən onlarla özəl və dövlət xəstəxanaları açılmışdır. Dövlət xəstəxanalarında pullu xidmətdən demək olar ki,imtina edilmişdir. 
Kurort-turizm sahəsi təsərrüfatın kompleks inkişafının əsas istiqamətlərindən biridir. Azərbaycanda kurort-turizm təsərrüfatının inkişaf etdirilməsi üçün hər cür təbii, iqlim, landşaft şəraiti, iqtisadi imkanlar və tarixi-arxeoloji abidələr kompleksi vardır.
Respublikada ən mühüm təbii-rekreasiya ehtiyatları Xəzər dənizinin sahillərində yerləşir. Yay aylarının bol günəş enerjisi, qızmar qumlar buranın həm istirahət, həm də müalicə üçün istifadə imkanlarını genişləndirir. 
Göygöl və onun ətrafında olan göllər sistemi, Batabat gölünün ətrafı, onların suları və yaratdığı mikroiqlim şəraiti mühüm təbii-rekreasiya ehtiyatlarıdır. Şəki-Zaqatala, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran-Astara, Yuxarı Qarabağ iqtisadi rayonlarında olan dağlar, bu ərazilərdə bitən meşələr, təbii-iqlim şəraiti, qoruqlar və yasaqlıqlar əhalinin istirahət zonalarının təşkil edilməsi və turizmin inkişafı üçün istifadə edilə bilər. Respublikanın digər qoruqları, onlarda olan nadir bitki və heyvan növləri, təbii-iqlim şəraiti də bu məqsədlə istifadə olunmalıdır.
Respublikada mövcud olan mineral bulaqların müalicə imkanları çox böyükdür və onlardan bəzilərinin əsasında iri kurort-sanatoriya kompleksləri yaradılır. Artıq İstisu (1972) və Qalaaltı mineral bulaqları əsasında belə komplekslər tikilmişdir. Naxçıvanda olan mineral bulaqlardan geniş istifadə olunur.
Antropogen mənşəli rekreasiya ehtiyatları olan arxitektura, arxeoloji, incəsənat abidələri respublikada çoxdur. Bu rekreasiya ehtiyatları həm ölkə əhalisini, həm də xarici turistləri cəlb edir. Qobustanın, Gəmiqayanın qaya təsvirləri, Azıx, Tağlar, Damcılı mağaraları, Əlincə, Çıraq, Cavanşir, Ərkivan qalaları, müxtəlif regionlarda tapılmış şəhər xarabalıqları mühüm arxeoloji abidələrdir. Bakıda -Şirvanşahfar sarayı, Qız qalası, Qala divarları, Şəkidə -Xan sarayı, Gəncədə, Şamaxıda, Naxçıvanda, Ordubadda, Qubada, Lənkəranda və s. şəhərlərdə müxtəlif tarixi dövrlərdə tikilmiş tarixi-memarlıq abidələri turistlərin gəzib-görməsi vacib olan arxitektura obyektlərinə misal ola bilər.



Oxunub: 620047