Baş səhifə
» FƏLSƏFƏ
» XIII-XIV əsrlərdə fəlsəfə
» Sufi təriqətləri və fəlsəfi poeziya
Sufi təriqətləri və fəlsəfi poeziyaXII əsrdə meydana gəlmiş sührəvərdilik, qadirilik, yəsəvilik və başqa sufi təriqətləri XII-XIV əsrlərdə öz fəaliyyətlərini genişləndirmişdir. Sührəvərdilik ordeninin yaradıcısı Şihabəddin Sührəvərdi bu illərdə ictimai-siyasi və elmi fəaliyyətlə bərabər, sufi müridlərin təlim-tərbiyəsi ilə də ciddi məşğul olmuşdur. Bir sıra məşhur şəxsiyyətlər ondan təhsil almış, sührəvərdiliyin təbliğinə cəlb edilmişlər. Bu təriqətin ideyaları İmadəddin Məhəmməd (...-1257), Nəcibəddin Əli ibn Bozquş Şirazi (...-1278), Nəcməddin Məhəmməd ibn İsrail (...-1278), Bəhaddin Zəkəriyyə Multani (...-1268)və s. tərəfindən təbliğ edilmiş, geniş xalq kütlələrinə çatdırılmışdır. Qeyd etmək lazımdır ki, sufi təriqətinin üzvləri, yaxud həmin təriqətlərə rəğbət bəsləyənlər arasında adlı-sanlı şairlər də vardır.
XIII əşrdə Cəlaləddin Ruminin (1207-1273) yaratdığı mövləvilik kimi, XIV əsrdə meydana gəlmiş nəqşbəndlik də türk xalqları arasında, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Nəqşbəndlik isə Buxaralı Xacə Bəhaəddin Məhəmməd (1327-1389) tərəfindən yaranmışdır. Azərbaycanda və bütün Şərqdə hürufiliyin də meydana çıxması XIV əsrə təsadüf edir. Onun ba-nisi Fəzlullalh Nəimi (1339-1394) olmuşdur. Nəimi Teymurləngin əmrilə edam edildikdən sonra, hürufilik onun ardıcılları tərəfmdən qızğın müdafiə edilmişdir. XIII-XIV əsrlərdə Azərbaycanda poeziya bədii dəyəri ilə bərabər mütərəqqi ictimai-siyasi məzmunu ilə də seçilirdi. Mahmud Şəbüstərinin (1287-1320) və Əvhədi Marağayinin (1274-1388) əsərlərində təsəvvüf və fəlsəfə məsələləri xüsusi qoyulmuşdur. Mahmud Şəbüstəri Təbrizi 1317-ci ildə qələmə aldığı "Sirr gülşəni" kitabında başlıca ideya varlığın vəhdətinin panteistcəsinə izahıdır. Mütəfəkkir bu əsərində mövcudatın mərtəbəli quruluşunu Quran surələrinə nisbətdə nəzərdən keçirmişdir. O, Quran ayələri ilə mövcudatın mərtəbələri arasında müqayisə aparıb, birinci ayəni universal əqlə, "İşıq" ayəsini universal nəfsə, "Ərş"i əhatəedici göyə, "Kürsi"ni ulduzlar göyünə, "Fatihə" surəsini qalan yeddi göyə müvafiq götürür, dörd ünsürdə (torpaq, su, hava və odda) ayələrin aşkar olduğunu, onlardan törənmişlərdə (mineral, bitki və heyvanda) isə ayələri saymağın çətinliyini deyir. Burada insan nəfsinin mövcudatın sonunda meydana gəlməsi Quranın "İnsan" ("ən-Nas") surəsinin axırıcı olması ilə əlaqələndirilir. Mahmud Şəbüstəri insan nəfsini universal nəfs ilə bir tutub, onu bütün aləmə şamil edir, "insanın cahan, cahanın da insan olmasını" söyləyir. Mahmud Şəbüstəri sufi sələfləri kimi, varlığın idrakında zahiri cəhətləri qavramağı şəriətə, daxili cəhətləri dərk etməyi isə həqiqətə bağlayır. Deməli, həqiqəti bilmək, haqqa çatmaq üçün şəriət ilə həqiqət arasındakı yolu (təriqəti) qət etmək lazımdır. Şeyx Marağayi isə sufı şairi Əbuhamid Əvhədəddin Kirmanidən (...-1236) təhsil almış, Sədrəddin Konəvinin də dərslərində iştirak etmişdir. Marağayini varlıq və idrak məsələləri dərindən düşündürmüşdür. Onun yaradıcılığında ictimai-siyasi, etik-əxlaqi məsələlər daha geniş yer tutmuşdur. Şair ölkənin firavanlığı, rəiyyətin xoşbəxt yaşaması üçün şah və vəzirin ədalətli olmasını ümdə şərt sayır. Qeyd etmək lazımdır ki, XIII-XIV əsrlərdə mütəfəkkirlər - Siracəddin Urməvi, Nəsirəddin Tusi və b. ictimai-siyasi mövzuda danışanda diqqəti ilk növbədə məhz ədalət məsələsinə yönəltmişlər.
|