Baş səhifə    » FƏLSƏFƏ    » XX-XXI əsrlərdə fəlsəfə   

Azərbaycanda liberal milli-demokratik məfkurə

  

XX əsrin əvvəllərində Azərbaycanda liberal milli-demokratik hərəkat inkişaf etməyə başladı. Bu hərəkatın ən görkəmli nümayəndələri Ə. Ağaoğlu, Ə. Hüseynzadə, M.Ə.Rəsulzadə və s. idi.
Ə.Ağaoğlu (1868–1939) türk sosial problemlərinin həllini maarifdə görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilmişdir. Şərqdə və Avropada fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun “Üç mədəniyyət”, “Dövlət və fərd”, “İslama görə və islamda qadın”, “Sərbəst insanlar ölkəsində” və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və mədəniyyətşünaslığın elmdə mübahisə doğuran “mədəniyyət”, “dil”, “din”, “millət” və s. kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və filosof Ə.Hüseynzadə (1864–1940) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olmuşdur. “Milli Azərbaycan”, “İslam bölgəsi miqyasında intibah” və “Turan” konsepsiyalarına görə çar hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət etmişdir. O, türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görmüşdür. Ə.Hüseynzadə bütün dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, “qırmızı zülməti” isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində (“Atlanmaq siyasəti” və “Füyuzat”) mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının məzmununu açıqlayırdı.
M. Ə. Rəsulzadə (1884–1955) əsasən maarifçiliyin və demokratik ideoloji cərəyanların təmsilçisi, mütəfəkkir, ədəbiyyatçı və siyasi xadim idi. Onun fəaliyyətinin əsas qayəsi “Millətlərə istiqlal, insanlara hürriyyət” şüarında əksini tapmışdır. M.Ə.Rəsulzadə elə ilk əsərləri ilə millilik və istiqlal carçısı kimi tanınmışdı. O, milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindəndir. M.Ə. Rəsulzadənin bu konsepsiyadan bəhrələnən nəzəri irsi, əsasən “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “Milli həmrəylik”, “İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan tarixi” əsərlərində açıqlanmışdır. Onun fikrincə, milli şüur və milli özünüdərk milli istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə olmuş, azad azərbaycançılıq ideyasına üstünlük vermişdir. M.Ə.Rəsulzadə “kültür”, “milli kültür”, “mədəni yaşayış”, “millilik”, “milli dil” kateqorial anlamlarını, sosial fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırmışdır. “Əsrimizin Səyavuşu” əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən, cinsindən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu qeyd etmişdir. Lakin o bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etməmişdir.
XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı, radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkədar-burjua təmayüllü dövri mətbuatda, “Molla Nəsrəddin” jurnalında, “Hümmət” və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın probleminə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanlarının ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət, onun yenidən bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlərin izahında ciddi ziddiyyətlər mövcud idi. Əgər birinci cərəyan milləti və bütövlükdə milli maraqları, millətin türk-İslam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cəmiyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edərək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışırdı. Bu məsələlər “Molla Nəsrəddin” jurnalının müəllifləri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Səməd bəy Mehmandarov, Hüseyn Minasazov və b. əsərlərində və xüsusən dövrün kəskin sosial satirasında əksini tapmışdı. Vaxtilə irfani fəlsəfi poeziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan siyasi satirası bu dövrün təsiredici janrına çevrilmişdir.



Oxunub: 209933