Baş səhifə
» FƏLSƏFƏ
» XIII-XIV əsrlərdə fəlsəfə
Peripatetik fəlsəfəXIII-XIV əsrlərdə müsəlman ölkələri xalqlarının fəlsəfi fikrində aparıcı qüvvə yenə də peripatetiklər idi. Fəlsəfİ fənlərin fəal təbliğatçılarından Mosulda İbn Yunus, Bağdadda Əbdüllətif Bağdadi, Dəməşqdə Şəmsəddin Xosrovşahi o dövrdə müsəlman Şərqi ölkələrində, o cümlədən Azərbaycanda peşəkar fılosofların yetişməsində böyük xidmət göstərmişlər. Kəmaləddin Musa ibn Yunus (1156-1242) Mosulda atasından, Bağdadda Nizamiyyə mədrəsəsində Azərbaycan alimi Məhəmməd Hibbətulla oğlu Səlmasidən təhsil almış, tədris işləri və elmi yaradıcılıqla məşğul olmuşdur. İbn Yunus Əsirəddin Əbhəri, Siracəddin Urməvi, Nəsirəddin Tusi və dövrün digər təbiətşünas filosoflarının müəllimidir. Heç bir dini təəssübkeşliyə yol verməyən alimin məşğələlərində təkcə müsəlmanlar deyil, xristianlar və yəhudilər də iştirak edirmişlər. İbn əl-İbri (1226-1286) xəbər verir ki, asuri və latın dillərini mükəmməl bilən intakiyalı Saziri Yəqubi Şərq peripatetiklərindən Farabi və İbn Sinanın əsərlərini, habelə tibbə, riyaziyyata və ümumiyyətlə, təbiətşünaslığa dair kitabları Mosulda İbn Yunusun yanında mütaliə edib öz vətəninə qayıtmışdır.
İbn Yunusun məntiq, fəlsəfə və riyaziyyata dair bir sıra əsərləri vardır. XIII-XIV əsrlərdə məntiq, metafizika və təbiiyyat məsələləri Nəcməddin Naxçıvani, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, Səfiəddin Hindi Urməvi və başqalarının yaradıcılığında geniş və dərindən işiqlandırılmışdır. Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani Yaxın və Orta Şərq ölkələrində tanınmış Azərbaycan filosoflarındandır. O, təhsilini Naxçıvan şəhərində almış, elmin bütün sahələrini mükəmməl öyrənmişdir. Nəcməddin Naxçıvaninin elmi və fəlsəfi yaradıcılığı orta əsr müəllifləri tərəfindən yüksək qiymətləndirilmişdir. O, peripatetik fəlsəfənin problemlərini dərindən araşdırmış, məntiqə və təbiətşünaslığa böyük əhəmiyyət vermişdir. Bununla belə, o, ardıcıl aristotelçi olmamışdır. Azərbaycan filosofu ərəbdilli peripatetizmin, onun görkəmli nümayəndəsi İbn Sinanın əsərlərinin fəal təbliğatçılarından sayılmasına baxmayaraq, bir sıra doktrinaları tənqidi planda nəzərdən keçirmişdir. Əfzələddin Məhəmməd Namavər oğlu Xunəci (1194-1248) və Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198-1283) öz həyat yollarına, ictimai-siyasi fəaliyyətlərinə görə bir-birinə çox yaxındırlar. Hər iki filosof ardıcıl Şərq peripatetizmi mövqeyində duraraq, məntiq va təbiətşünaslığa dair qiymətli əsərlər yazmış, elmi-fəlsəfi fikrin inkişafında böyük əmək sərf etmişdir. Nəsirəddin Məhəmməd Tusinin xidməti xüsusi qeyd edilməlidir. O, orta əsrlərdə boyük ensiklopediyaçı alim, görkəmli filosof kimi şöhrət tapmışdır. Müasirləri və sonrakı müəlliflər Şərq mədəniyyətinin, elmi-fəlsəfi fikrinin inkişafında onun misilsiz rolu olduğunu söylə-mişlər. Nəsirəddin Tusi kimi, şagirdləri də işraqiliklə maraqlanmışlar. Qütbəddin Şirazi və İbn Kəmmunə İsraili Şihabəddin Sührəvərdinin əsərlərinə dəyərli şərhlər yazmış, işraqilik fəlsəfəsini təbliğ etmişlər.
|