Baş səhifə    » FƏLSƏFƏ    » XX-XXI əsrlərdə fəlsəfə    » Maarifçilik kontekstində yaranan romantizm fəlsəfəsi   

Maarifçilik kontekstində yaranan romantizm fəlsəfəsi

  

XX əsrin əvvəllərində Azərbaycan romantizm fəlsəfəsi də təşəkkül və inkişaf mərhələsini keçirirdi. Bu fəlsəfə Azərbaycan maarifçiliyi kimi dövrdən və şəraitdən doğan özünəməxsusluqlarla yanaşı, Qərb romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa malik bir sıra cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan romantizminə xas cəhətlər maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik panteist fəlsəfəyə qayıdış və bu mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insana və vətənə təzadlı münasibət, milli dilə, milli mənəvi-mədəni dəyərlərə, etnikliyi təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə münasibət, xoşbəxt utopik cəmiyyətə inam və s. universal sosio-mədəni fenomen olan romantizmin keyfiyyət cəhətləri idi. Azərbaycanda maarifçilik kontekstində yaranan romantizm fəlsəfəsi əvvəlcə dünyəvi maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra isə sosializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz tutur, mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin rəng olması” (Səməd Mənsur) qənaətinə gəlmişdi.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil edən fəlsəfi poeziyanın nümayəndələri Məhəmməd Hadinin (1879–1920) utopik bərabərlik cəmiyyətindən bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində öz əksini tapmışdır.



Oxunub: 109046