Baş səhifə
» GERB
» Tarixi gerblər
Tarixi gerblərAzərbaycan SSR-in gerbləri
1921-ci ilin mayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin (AİŞC) ilk Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyasının 103-cü maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir.” 1921-ci ilin noyabrında Azərbaycan, Gürcüstan və Ermənistanın federativ dövlət şəklində birləşdirilməsi qərara alındı. 1922-ci ilin martında Cənubi Qafqazın üç respublikasının vahid dövlətdə – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirildikdən sonra Azərbaycanın müstəqilliyinə ağır zərbə endirildi. 1922-ci il dekabrın 10-da Bakıda keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etmək haqqında qərar qəbul edildi. Vahid qanunvericilik, icra orqanları olan bu dövlətin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinə bu dəfə daha sarsıdıcı zərbə endirildi. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını – bayraq, gerb, himn və konstitusiyasını qoruyub saxlasa da, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi. 1927-ci il Konstitusiyasının 99-cu maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və qırmızı fonda doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir.” 20-ci illərin sonunda rus dilindəki “социалистическая” sözü əvvəlki tək "ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlandı. Bununla bağlı gerb üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. Gerbin üzərində “Azərbaycan Sosialist Şura Cümhuriyyəti” yazılmağa başlandı. 1937-ci ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının 151-ci il maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərində pambıq və sünbül əklilindən ibarət haşiyə ilə çəkilmiş oraq və çəkicdən və ön planda neft vışkasından ibarətdir. Gerbin yuxarısında beşbucaqlı ulduz vardır.” 1978-ci ildə qəbul edilən Konstitusiyanın 180-ci maddəsində Dövlət gerbinin təsviri belə verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi doğan günəş fonunda pambıq və sünbül çələngi ilə haşiyələnmiş oraq və çəkic, neft buruğu təsvirindən ibarətdir və üzərində Azərbaycan dilində: “Azərbaycan Sovet Sosialist Respublikası”, “Bütün ölkələrin proletarları, birləşin!” və rus dilində: “Азербайджанская Советская Социалистическая Республика”, “Пролетарии всех стран, соединяйтесь!” sözləri yazılmışdır. Gerbin yuxarısında beşguşəli ulduz vardır.”
|