Baş səhifə    » ƏDƏBİYYAT    » Kitabi - Dədə Qorqud   

Kitabi - Dədə Qorqud

  


"Kitabi-Dədə Qorqud" (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı - Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir (XI-XII əsrlər)
Ənənəyə görə, Kitabi Dədə Qorqudda dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Dastanların əsas süjeti on iki boyda əks olunmuşdur.
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Azərbaycan MEA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.



Oxunub: 532116