Baş səhifə   » ƏDƏBİYYAT    » Uşaq ədəbiyyatı   

Uşaq ədəbiyyatı

  


Azərbaycan uşaq ədəbiyyatı

Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda professional uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir.
XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı.
Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Yeni üsullu məktəblər yeni məzmun və mündəricəli dərsliklərin yaranmasını təxirəsalınmaz bir məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə cəsarətli addımlar atan N.Nərimanov hələ 1899-cu ildə “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin,S.M.Qənizadə ilə birlikdə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı
elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. R.B.Əfəndiyev də “Uşaq bağçası” (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K.D.Uşinskinin təlimi – Q.N.) əsaslanaraq orijinal və tərcümə əsərləri. Coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan (Birinci il, “İkinci il”; “Üçüncü il”) dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A.Şaiqin “Uşaq gözlüyü”, “Gülzar”, İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət “Ana dili” və b. vəsaitlərdə də yeni məzmunlu uşaq ədəbiyyatından nümunələr toplanmışdı. Bu illərdə ölkənin hər tərəfinə yayılan dövri-mətbuat “Buluddan sıyrılıb çıxan ulduzlar kimi” (Mir Cəlal) parlamağa başlamışdı.
S.S.Axundov isə “Qorxulu nağıllar”ını “Məktəb” jurnalı üçün yazmışdır. 1912-ci ildən 1914-cü ilə qədər ardıcıl çıxan bu hekayələr silsiləsini uşaqlar da, valideynlər də böyük həvəslə oxuyur, davamını səbirsizliklə gözləyirdilər.
M.Ə.Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının kasadlığını hiss edib müxtəlif mövzularda xeyli şeir yazmışdır. Bu əsərlər nəsihətamiz mənzum hekayələrdən və didaktik şeirlərdən, məktəb şərqilərindən, habelə təmsillərdən ibarətdir.
  M.Ə.Sabirin “Uşaq və buz”, “Məktəb şərqisi”, “Məktəbə tərğib”, “Elmə tərğib” nəğmələri məzmun və mündəricəsinə, bədii ifadə xüsusiyyətlərinə görə də uzun müddət yadda qalır. Şair bu nəğmələrdə məktəbin, elmin səmərəsindən, elmlə insanın öz arzularına, işıqlı günlərə qovuşmasından, vətənə, xalqa xidmətdən bəhs edir. O, həmin nəğmələri Azərbaycanda yeni üsullu məktəblərin fəaliyyətə başladığı illərdə yazmışdır. Bu şeirlərdə məktəbə çağırış, elmə həvəs güclüdür. Maarifçi realistlər daha çox dərslik və dərs vəsaitləri hazırlayır, təlim və tərbiyə məsələsinə böyük qayğı ilə yanaşır, öz yaradıcılıqlarını da bu istiqamətə yönəldirdilər. Onların bədii əsərlərində də daha çox uşaqların faciəli, ağır həyatından, ümid və arzularından bəhs olunurdu. Bu qəbildən olan maarifçi realist yazıçılardan R.Əfəndiyev, S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə və İ.Musabəyovun müstəsna xidmətləri vardır. Onların ədəbi-bədii yaradıcılığı ilə pedaqoji fikirləri və bilavasitə məktəblə bağlı görüşləri bir-birini tamamlayırdı. Onlar yeni məktəb uğrunda böyük fədakarlıq göstərdikləri kimi, bu məktəbə lazım olan proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris olunan əsərlərin diqqətlə seçilməsi kimi ən vacib məsələlərdə də böyük fəallıq göstərirdilər. Onlar tədris etdikləri əsərlərin məzmun və mündəricəsinə xüsusi diqqət yetirir, uşaqların şüurunda vətəndaşlıq və vətənpərvərlik hissi oyadırdılar. S.S.Axundov bütün ədəbi irsində və pedaqoji fəaliyyətində gənc nəslin taleyini və gələcəyini düşünmüş, onların həyatından vətəndaş-yazıçı və müəllim kimi bəhs etmişdir.
S.S.Axundov iri həcmli pyesləri ilə yanaşı, uşaqların həyatından bəhs edən yığcam hekayələr, “Uşaqlıq həyatından xatirələr” və nəhayət “Qorxulu nağılları”nı yazmışdır. “Əhməd və Məleykə”, “Abbas və və Zeynəb”; “Əşrəf”, “Nurəddin” və “Qaraca qız”dan ibarət olan “Qorxulu nağıllar”da
inqilabdan əvvəlki azərbaycanlı ailələrin yoxsul güzəranı, uşaqların faciəli həyatı, bu fəlakətləri doğuran səbəblər qələmə alınmışdır. Mühit, ictimai şərait günahsız uşaqları, yoxsul balalarını qayğıdan, nəvazişdən məhrum edir, onları həyatın qaranlıq küncünə atırdı.
M.Ə.Sabir və S.S.Axundovla eyni amal uğrunda mübarizə aparan A.Şaiq XX əsr maarifçi-realist ədəbiyyatın yaranmasında misilsiz xidmət göstərmişdir. Ədəbiyyatımızda şair, nasir, dramaturq kimi şöhrət qazanan A.Şaiq, həm də əsl xalq müəllimi,həm də pedaqoq və ictimai xadim kimi şöhrət qazanmışdır.
A.Şaiqi ədəbiyyatımızda məşhur edən, böyük hörmət qazandıran onun uşaq ədəbiyyatı sahəsindəki xidməti olmuşdur. A.Şaiqin ədəbi fəaliyyətinin ilk dövrü də uşaq ədəbiyyatı ilə əlaqədardır. O, 1906-cı ildən başlayaraq kiçikyaşlı məktəblilər üçün qısa, aydın məzmunlu, yeni mündəricəli, təmiz ana dilində oynaq vəznli şeirlər yazdı. Bu şeirlərin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir.
İrtica illərində mürəkkəb tarixi hadisələr A.Səhhətin yaradıcılığında müxtəlif əks-sədalar oyatmışdı.
Şairin uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə Azərbaycan uşaq ədəbiyyatı tarixində yeni hadisə idi. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.
İlk təşəkkül illərində uşaq nəsrinin yaranmasında iki nəslin nümayəndələri iştirak edirdilər. Birinci nəsli təmsil edənlər inqilabdan əvvəl yaradıcılığa başlamış, zəngin ədəbi təcrübəsi olan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, T.Şahbazi, C.Cabbarlı, S.Hüseyn və başqaları idi. Bu yazıçılar öz yaradıcılıq üsullarına sadiq qalmaqla bərabər, müasir mövzulara
da meyil göstərir, onları yeni həyatın tələbləri baxımından həll etməyə çalışırdılar. C.Məmmədquluzadə “İki alma” hekayəsində təsvir etdiyi kiçikyaşlı uşağın təbiətində özünü büruzə verən humanist hissi təqdir edirdi.
S.S.Axundov qələmə aldığı “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı” (1923), “Qatil uşaq” (1924), “Nə üçün” (1925) əsərlərinin mövzusunu da inqilabdan əvvəlki qaranlıq mühitdən almışdır.
Deməliyik ki, XX əsrin çox mürəkkəb və zəngin ədəbi prosesi üslubca müxtəlif olsa da, mündəricə baxımından yeni nəslin tərbiyəsində, biliklərə yiyələnməsində və qabaqcıl ideyalara meyil etməsində eyni mövqedə dayanır, eyni məramı izləyirdi. Maraqlıdır ki, kiçikyaşlı uşaqların tərbiyəsinə qadın yazıçıların yaradıcılığında daha geniş yer verilmişdir.
Uşaqların səviyyəsinə münasib ideyanı maraqlı və yığcam surətdə, canlı lövhələrdə ifadə etmək N.Süleymanovun və B.Həsənovun yaradıcılığına da xas olan keyfiyyətlərdəndir. Onlar müasir mövzularda kiçik yaşlı məktəblilərin estetik tələbinə və zövqünə uyğun həyati hadisələri qələmə alırlar. Eyni məziyyəti İ.Hümmətovun və Ə.Əhmədovanın hekayələrində, T. Elçinin, F. Sadıxın, Z. Xəlilin və s. şeirlərində də görmək olar. Əsrimizin texniki kəşfləri fantastik əsərlərin də yaranmasına təkan verdi. E.Mahmudov, N.Abdullayev elmin inkişafını, texnikanın sabahını təsvir edən maraqlı əsərlər yazmışlar. Əlbəttə, bugünkü uşaq ədəbiyyatının yaradıcıları adlarını saydığımız yazıçılarla məhdudlaşmır. Son illərdə uşaq ədəbiyyatına meyl göstərən yazıçılarımızın sayı xeyli artmışdır. Onlar ədəbi ənənələrə sadiq qalmaqla, öz dəst-xətti ilə seçilməyə, yeni gözəl əsərlər yaratmağa çalışırlar. Müasir uşaq ədəbiyyatımız zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni keyfiyyətlərlə zənginləşir.



Oxunub: 105284



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,