Baş səhifə    » TURİZM    » Turizmlə bağlı layihələr və tədbirlər   

Turizmlə bağlı layihələr və tədbirlər

  


Azərbaycanda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməkdədir. 
Azərbaycan Respublikasının Prezidenti H. Əliyev tərəfindən təsdiq edilən «Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün» Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş tenderdə qalib gələn «Caspian Group Consalting» şirkətinin mütəxəssisləri tərəfindən ABŞ Ticarət və İnkişaf Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında Nazirliyin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin sayının artırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək «Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı» hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq «Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi» hazırlanmışdır. 
Bu müddət ərzində turizm nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir.
Hər il Azərbaycanda 27 sentyabr «Ümumdünya Turizm Günü» kimi qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çərçivəsində həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusunda «Ümumrespublika Daxili Turizm Konfransları» da keçirilir. Eləcə də, bu müddət ərzində turizm şirkətləri, turist xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.
Eyni zamanda, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edilmişdir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün Quba, Zaqatala və Lerik rayonlarına info - turlar təşkil olunmuşdur. Regionlara təşkil olunan info - turların nəticəsi, turist şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlığın yaranması və müqavilələrin bağlanmasıdır.
Turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən turizm xidməti obyektlərində çalışan nümayəndələr üçün mütəmadi olaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən dəvət olunan mütəxəssislər tərəfindən yemək-içmək servisi, mehmanxana idarəçiliyi və s. mövzularda tədris kursları təşkil edilir.
Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Prezidenti H. Əliyevin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın tələbləri çərçivəsində Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turistlərə informasiyaların çatdırılması məqsədilə «Turizm İnformasiya Mərkəzləri» fəaliyyətə başlamışdır. Yuxarıda adı çəkilən informasiya mərkəzləri ilə yanaşı Abşeron yarımadasında istirahət edən turistlərə turizm xidmətləri haqqında dolğun informasiya çatdırılması məqsədilə Zuğulba qəsəbəsində yerləşən Gənclik beynəlxalq istirahət mərkəzində mövsümü «Turizm İnformasiya Mərkəzi» fəaliyyətə başlamışdır.
Yeni beynəlxalq turist marşrutlarının yaradılması çərçivəsində XIX əsrin əvvəllərində Respublikamızın Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında məskən salmış və Azərbaycanın tarixində, mədəniyyətində dərin iz qoymuş almanların yaşadığı ərazilərdə mədəni turizm marşrutunun yaradılması, alman yaşayış məskənlərinə aid abidələrin bərpa olunması, nümayiş obyekti kimi bu bölgədə olan tarix - mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yaradılması məqsədilə «Azərbaycanda Alman yaşayış məskənləri» adlı layihəsi üçün tədbirlər həyata keçirilməkdədir. Adı çəkilən layihə çərçivəsində Almaniyanın GTZ təşkilatı ilə birgə Gəncəbasar bölgəsinin turizm inkişaf planının hazırlanması nəzərdə tutulur. Bu marşrutla yanaşı, milli mənəvi dəyərlərin qorunması və xalqımıza çatdırılması həmçinin yeni turizm marşrutlarının yaradılması çərçivəsində «Gəmiqaya mədəni-turizm marşrutu»nun, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan «Aleksandr Düma Qafqazda» və «Şərab Yolları» adlı marşrutların layihəsi işlənib hazırlanmışdır.
Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, «İpək Yolu» kimi bir çox tarixi yolların ölkəmizin ərazisindən keçməsi, bu gündə qərbdən-şərqə, şimaldan-cənuba aparan turizm marşrutlarında Azərbaycan da iştirak edir. Qeyd etmək istərdik, ötən illərdə, İstanbuldan başlayıb Pekində bitən «İpək Yolunda Velosiped Turu» layihəsinin, Rusiyadan başlayıb Hindistanda bitən «XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması baxımından olduqca səmərəlidir.
Ölkədaxilində keçirilən tədbirlər çərçivəsində 2004-cü ildə InWent ixtisasartırma və inkişafa dair beynəlxalq assosiasiyası tərəfindən, Cənubi Qafqazda Qorunan ərazilər və turizmin inkişafına həsr olunmuş «Regional inkişaf, konservasiya və sərhədyanı əməkdaşlığın təcrübəsi və perspektivləri» mövzusunda seminar keçirilmişdir. Seminarda turist şirkətləri, qeyri hökumət təşkilatının nümayəndələri iştirak etmişlər.
Bununla yanaşı 2004-cü ildə “Milli İrsin Qorunması” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında çalışan turizm sənayesinin nümayəndələri üçün beynəlxalq təşkilatlarla birgə təlim kursları keçirilmiş və şöbənin əməkdaşları orada mühazirələr oxumuşlar.
Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. Tədbirin keçirilməsi ilə bağlı işlər haqqında məlumat vermək üçün kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunmuş və dövlət və özəl qurumların rəhbərlərinin, xarici qonaqların iştirakı ilə keçirilən festivala turizmlə bağlı hazırlanmış 70 dən artıq iş təqdim olunmuşdur.
Yuxarıda qeyd olunanlarla yanaşı, hər il yay turizm mövsümü öncəsi, turizm potensialı geniş olan rayonlarda fəaliyyət göstərən turizm xidməti obyektlərinin hazırlıq səviyyəsinin öyrənilməsi, yol infrastrukuturunun vəziyyətinin təhlil edilməsi eləcə də digər problemlərin həlli istiqamətində aidiyyəti üzrə köməkliyin göstərilməsi məqsədilə Nazirliyin əməkdaşları 30 rayona ezam olunurlar.
Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Belə ki, son 5 il ərzində Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası, Belorus Respublikası, Qətər Dövləti, Yunanıstan Respublikası, Qazaxıstan Respublikası, İordaniya Haşimiyyə Krallığı, Fransa Respublikası, Tacikistan Respublikası, Misir Ərəb Respublikası və Litva Respublikası arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. Hazırda Azərbaycan Respublikası ilə 26 ölkə (Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya Respublikası, Böyük Britaniya, İsrail, İran, Bəhreyn, Oman Sultanlığı, Macarıstan, Koreya, İsveçrə, Yaponiya, İndoneziya, Bruney Krallığı, Malayziya, San Marino, Mərakeş, Argentina, Meksika, Makedoniya, İsveç, Filippin, Kuba və Xorvatiya) arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanmışdır.
Ümumdünya Turizm Təşkilatı (BMÜTT) turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biridir. BMÜTT-nin əsas məqsədi beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmi inkişaf etdirməkdir. BMÜTT-na 2001-ci ilin sentyabr ayında qoşulmuş Azərbaycan Respublikası indiyədək Təşkilat tərəfindən təşkil edilən bir çox tədbirlərdə, o cümlədən Baş Assambleyalarda, Avropa üzrə Komissiyanın iclaslarında, tədris kurslarında və seminarlarda iştirak etmişdir. Bundan əlavə BMÜTT-nin fəaliyyəti hökumətlərə turizm məsələləri üzrə bir sıra tövsiyələr verməkdən və texniki yardımlar göstərməkdən ibarətdir. Bu məqsədlə 2002-ci ildə BMÜTT tərəfindən Azərbaycana texniki missiya göndərilmişdir. Təşkilatın eksperti Azərbaycanın turizm potensialını öyrənərək təhlil etmiş və bununla əlaqədar müvafiq hesabat hazırlanmış və tövsiyələr vermişdir. BMÜTT-nin xətti ilə 2003-cü və 2007-ci ilin aprel aylarında Bakıda seminarlar keçirilmişdir. Seminarlarda turizm şirkətlərinin, mehmanxanaların, Mədəniyyət və Turizm Nazirliyinin rayon Mədəniyyət və Turizm şöbələrinin, universitetlərin nümayəndələri iştirak etmişdir. İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir. 2006-cı ilin 9-12 sentyabr tarixlərində ölkə İKT üzv dövlətlərinin Turizm Nazirlərinin V Konfransına ev sahibliyi etmişdir.
Respublikanın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi «Turistlər üçün məlumat» kitabçası, «Azərbaycan» açıqça dəsti, «Azərbaycanın otelləri», «Azərbaycanın tarixi və arxitektura abidələri», «Bakının teatr və muzeyləri» bukletləri, «Azərbaycan» və «Bakı» fotoalbomları, «İpək Yolu», «Xalçaçılıq» kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, «Azərbaycana Xoş Gəlmisiniz» CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər hazırlamışdır. Qeyd olunan nəşrlər, CD və DVD-lər Azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərindədir.
2002-ci ildən etibarən ildə altı dəfə «Azerbaijan Review» jurnalı rus və ingilis dillərində nəşr edilir. Respublikamızda turizm sahəsində görülən işlər haqqında ayda bir dəfə nəşr edilən «ATN» qəzetində məlumatlar dərc edilir. Adları çəkilən reklam-çap məhsulları Beynəlxalq turizm sərgilərində sərgi iştirakçılarına və ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır. Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirilir («ABTA», «Travel İQ», «Faints and Projects», «TTG Russia», «Travel Unravelled», «Qde otdıxat», «Otdıx v Rossii» və «World Travel Guide»).
2002-ci ilin aprel ayından başlayaraq hər il «AİTF» Beynəlxalq turizm sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən ilə artır. Əgər 2002-ci ildə 5 ölkədən 26 şirkət iştirak edirdisə, 2007-ci ildə ölkələrin sayı 18-ə şirkətlərin sayı isə 60-a çatmışdır.
Son 5 il ərzində sərgilərin coğrafiyası genişlənmiş və iştirak edilən sərgilərin sayı 19-a çatmışdır: London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Deli, Vyana, Mumbai, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd, Maxaçkala şəhərlərində keçirilən Beynəlxalq turizm sərgiləridir. 
2005-ci ildən başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. «CNN» televiziya kanalı vasitəsi ilə 6 ay, «Euronews» televiziya kanalı vasitəsi ilə 3 ay müddətinə həmin reklam çarxları yayımlanmışdır. 2007-ci ildən isə «National Geographic», «Travel Channel», «CNN», «Euronews» televiziya kanallarının nümayəndələri ilə reklamın davamlı olaraq yayımlanması ilə əlaqədar danışıqlar aparılır. Həmçinin «Austrian Airlines» «British Airways» «AZAL» aviaşirkətlərinə məxsus təyyarələrinin bort jurnalarında və ekranlarında reklam çarxları yerləşdirilmişdir.
Görülən bu işlər nəticəsində ölkəmizə gələn turistlərin sayının ildən ilə artması müşahidə olunur.
1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edildi. 27 iyul 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzaladı. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu isə, öz növbəsində, ölkədə turizm fəaliyyəti üzrə tövsiyələr və praktiki kömək edilməsinə imkan yaratdı.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlandı və ÜTT-nin Baş Assambleyasına təqdim olundu. Bununla yanaşı, diskin "Turizm in Azerbaijan" adlı veb səhifəsi yaradıldı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə respublika Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.
2006-cı ilin 9-12 sentyabr tarixlərində Azərbaycanda İKT üzv dövlətlərinin Turizm Nazirlərinin V Konfransı keçirilmişdir. Konfransda Turizmin inkişafı üzrə Qətnamə, həmçinin Bakı Bəyannaməsi qəbul edilmişdir.
Azərbaycan 2006-2008-ci illər ərzində Turizm Nazirlərinin İslam Konfransında sədrlik etmə hüququnu əldə etmişdir.
21-22 iyun 2007-ci il tarixlərində Bakı şəhərində “İKT-na üzv olan ölkələrin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı bir milyon üç yüz min nəfəri ötüb keçdi. 2009-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir.
Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27-sentyabr «Ümumdünya Turizm Günü» kimi qeyd olunur.



Oxunub: 95263



Azərbaycan Televiziyaları
İnternet Radio