Baş səhifə    » FOLKLOR    » Folklor haqqında   

Folklor haqqında

  

Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunmuşdur.  
Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşuğunda yaranmış, elə həmin üslublara uyğun olaraq da növlərə bölünmüşdür.
Azərbaycan folklorunun yazıya alınmasının ilk mərhələsi 1830-1900-cu illər arasını əhatə edir. Bu dövrdə “Vedomosti”, “Tiflisskiye vedomosti”, “Novoe obazreniye”, “Kafkazskiy vestnik”, “Kafkaz” qəzetləri, XIX əsrin yetmişinci illərdən sonra nəşrə başlayan SMOMPK məcmuələrində Qafqaz xalqlarının, Azərbaycan türklərinin şifahi xalq ədəbiyyatının ilk nümunələri geniş şəkildə əks olunmuşdur.
1875-ci ildən nəşrə başlayan ilk milli mətbu orqan olan “Əkinçi” və sonralar çapa başlayan “Kəşkül” qəzetləri də bu işi layiqincə davam etdirdilər.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının başlıca mərhələsi 1900-1920-ci illər arasında olmuşdur. Bu dövrdə Eynəli Sultanovun və Mahmudbəy Mahmudbəyovun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki fəalliyyətləri folklorşünaslığımızın ilk addımları hesab edilir. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli folklorşünaslığımızın tarixinə təkcə toplayıcı kimi deyil, həm də Azərbaycan folklorşünaslığının yaradıcısı kimi daxil olmuşdur. Həmin illərdə folklor nümunələrinin toplanması, nəşri və tədqiqində xüsusi xidmətləri olan Hənəfi Zeynallı (“Azərbaycan atalar sözü və məsəlləri”(1926), “Azərbaycan tapmacaları (1928)” kitablarının müəllifdir) ağız ədəbiyyatını ilk dəfə təsnif edən araşdırıcılardan hesab olunur. 
Folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirənlərdən biri də Əmin Abid olmuşdur. Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddihecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir.
20-30-cu illər ərzində folklorumuzun toplanması və nəşri işləri ilə ardıcıl məşğul olan tədqiqatçı Vəli Xuluflu olmuşdur. O, 1927-ci ildə “El aşıqları” kitabını və Azərbaycanda ilk dəfə olaraq “Koroğlu” dastanını (1929-cu ildə ikinci nəşr) çap etdirmişdir. Həmin vaxtlarda Azərbaycan ağız ədəbiyyatının toplanması sahəsində Salman Mümtazın və Hümmət Əlizadənin xidmətləri xüsusilə qeyd edilməlidir. S.Mümtaz 1927 və 1928-ci illər ərzində iki cildlik “El şairləri” kitabını nəşr etdirmiş, Qurbaninin, Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məzəllərin ən gözəl nümunələrini yazıya almışdır. 1929-cu ildə “Aşıqlar” adlı toplunu iki cilddə çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından “Koroğlu” dastanının on dörd qolunu və əllidən artıq müstəqil qoşmasını çap etdirmişdir.
İkinci cahan savaşından dövrümüzə qədər folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan araşdırıcılar sırasında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyevin və s. adlarını xüsusilə qeyd etmək lazım gəlir.



Oxunub: 165387