Baş səhifə    » FƏLSƏFƏ    » XI-XII əsrlərdə fəlsəfə    » Azərbaycanda şərq peripatetizmi   

Azərbaycanda şərq peripatetizmi

  

Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat, ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil edilirdi. Məntiqə gəldikdə, Şərq peripatetikləri onu gah fəlsəfənin nəzəri və əməli hissələrindən bir zənn etmiş, gah da nəzəri hissənin tərkibinə salmışlar.
«Metafizika» ərəbdilli fəlsəfi ədəbiyyatda «Mabəd ət-təbiə» («Təbiətdən sonrakı») termini ilə ifadə edilmişdir.
Şərq peripatetizmi İbn Sinanın və onun şagirdlərinin əsərlərində özünün dolğun, mükəmməl ifadəsini tapmışdır. Metafizika peripatetizmin sistemində mühüm yer tutduğundan orta əsrlərdə filosofları qruplara bölərkən Şərq peripatetiklərini metafizik filosoflar kimi səciyyələndirmişlər. O dövr filosoflarının və fəlsəfə tarixçilərinin əsərlərində metafizika mütləq varlıq haqqmda elm kimi təqdim edilir.
Bəhmənyarın fəlsəfi təlimində metafizika varlıqdakı şeylərin əvvəlincisinə, ilk səbəbə görə olan elmdir. Bu məsələdə Azərbaycan filosofunun fikirləri Aristotelin fəlsəfi konsepsiyasına uyğun gəlirdi. Bəhmənyarın metafizikasında «varlıq», «substansiya», «aksidensiya», «cisim», «materiya» və «forma» anlayışları geniş şərh edilmişdir.
Şərq peripatetizmində «aşağı elm» - «təbiiyyat» termini Aristotel fəlsəfəsindəki «fizika» termininə bərabərdir.
Əbülhəsən Bəhmənyarın riyaziyyata dair baxışları da Aristotelin və onun Şərq davamçılarının təliminə uyğundur.
Şərq peripatetiklərinin sistemində varlıq haqqında təlim metafizika və təbiiyyat qisimlərində, idrak nəzəriyyəsi təbiiyyatın son hissələrində və məntiq qismində araşdırılır. Şərq peripatetiklərinin fıkrincə, varlığa məntiqi tərif etmək mümkün deyildir. Hər şeyin ilkin əsası, başlanğıcı hesab edilən varlıq öz-özlüyündə aşkar olduğundan Şərq peripatetiklərinin rəyincə, onu yalnız özünə görə anlamaq lazımdır.
Şərq peripatetiklərinin antologiyası mövcudatın mərtəbələrinin vahid başlanğıcdan, ilk səbəb olan varlıqdan meydana çıxdığını təsdiqləyən neoplatonçu emanasiya nəzəriyyəsinə əsaslanır. Ərəbdilli peripatetiklər bu nəzəriyyəni eynilə təkrarlamamış, onu öz təlimlərinə uyğun şəkildə işləyib hazırlamışlar.
Azərbaycan, ümumiyyətlə, Şərq peripatetikləri idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərmişlər. Onlar idrakın hər iki formasını izah edərkən o dövrdə qazanılmış yüksək elmi nailiyyətlərə arxalanmış, mühüm qneseoloji məsələlərin qoyuluşunda və həllində Aristotelin əsərlərinə istinad etmişlər.
 Beləliklə, Şərq peripatetikləri, o cümlədən XI-XII əsrlərdə yaşamış Azərbaycan peripatetikləri maddi aləmin dərk olunması məsələsinə müsbət yanaşmışlar. Onların idrak nəzəriyyəsi orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində spektisizmə və aqnostisizmə qarşı mübarizədə böyük rol oynamışdır.



Oxunub: 620575