Baş səhifə
» SƏHİYYƏ
» Səhiyyənin tarixi
Səhiyyənin tarixi17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması olmuşdur. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilmişdir. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri olub. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilib, yeni müalicəxanalar, tibb məntəqələri açılıb, dərman anbarları, laboratoriya binaları tikilib, lazımı avadanlıqlar alınıb. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlayıb, bununla əlaqədar qərar qəbul edib. Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoyub. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması, onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzinə çəkilib. Arxiv sənədlərindən əldə olunan məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərib. Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olub. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılıb. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olub. O dövrdə respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdır. Bu qərara əsasən, Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdur. Həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınması öz əlində cəmləşdirmişdi. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir. 1990-cı illərin əvvəlləri xalqın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Həyata keçirilən islahatlar tibb sahəsində də öz bəhrəsini vermiş, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradılmışdır. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdur. Səhiyyə müəssisələrini dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil edilmişdir. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdir. 2006-cı ildə Nazirlər Kabinetində keçirilən fevral müşavirəsində Prezident İlham Əliyevin səhiyyə ilə bağlı tapşırıqlarından sonra bu sahədə əsaslı dönüş yaranmışdır. Son 5 ildə səhiyyəyə ayrılan vəsait 4 dəfədən çox artırılmışdır. Son 2 ildə istər Bakı şəhərində, istərsə də regionlarda 80-ə yaxın tibb müəssisəsində tikinti, yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Səhiyyənin müxtəlif istiqamətlərində 9 Dövlət Proqramının qəbulu və həyata keçirilməsindən sonra bir sıra ciddi problemlər də öz həllini tapmışıdr. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsi Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bunun nəticəsində dünyada baş verən bütün tibbi yeniliklər Azərbaycanda da öz əksini tapır. Cərrahiyyənin tarixi və cərrahlar Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920) ilə əlaqədardır. Universitetin təşkilində böyük əməyi olan professor V.İ.Razumovski Rusiyanın görkəmli klinisist cərrahı idi. Təhsil ocağına ilk tələbə qəbulu 25-30 nəfər olmuşdu. Cərrahiyyə üzrə təhsil isə 1922-1923-cü illərdə başlamışdır. Həmin dövrdə milli kadrlar olmadığından yaradılmış cərrahiyyə kafedralarının müdirləri Rusiyadan dəvət olunmuşdular (professorlar Okinşeviç, B.Finkelşteyn və s). Hospital cərrahiyyəsi kafedrasında (müdiri B.Finkelşteyn) birinci assistent azərbaycanlı M.Mirqasımov olmuşdur. İlk illər universitetin kliniki bazalarının yararsızlığı və eləcə də peşəkar cərrah kadrlarının azlığı geniş cərrahi xidmətin yaradılmasına imkan verməmişdir. Aparılan əməliyyatlar əsasən xroniki və kəskin kor bağırsağına və yırtıqlara görə olmuşdur. Mədə və öd yollarında icra edilən əməliyyatlar isə palliativ xarakter daşımışdır. 1930-cu ildə müstəqil Tibb İnstitutu və Bakı kliniki xəstəxanaların cərrahiyyə şöbələrinin yaradılması, onların cərrahiyyə kafedralarından kliniki bazalar kimi istifadə olunması bu sahənin inkişafına təkan verdi. Həmin dövrdə M.Mirqasımov və M.Topçubaşov artıq tibb elmləri doktorları idilər. İstər M.Mirqasımov, istərsə də M.Topçubaşov Azərbaycanda cərrahiyyənin inkişaf tarixində böyük xidmətləri olan alim-cərrahlardırlar. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və nevrologiya kafedralarının müdiri, akademik M.Cavadzadənin, ATU-nun II cərrahi xəstəliklər kafedrasının müdiri akademik B.Ağayevin, Moskva Stomatoloji İnstitutunun Travmatologiya kafedrasının müdiri professor A.İmaməliyevin cərrahiyyədə ilk praktik fəaliyyətə başlamaları da institutun qeyd olunan Hospital cərrahiyyə kafedrasında olmuşdur. Azərbaycanda digər qabaqcıl cərrahiyyə məktəbinin yaranması akademik Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq onun qarın və köks boşluqlarında apardığı və yüzlərlə xəstələrin sağalması ilə nəticələnən əməliyyatları bu alimin keçmiş Sovetlər İttifaqında yüksək ixtisaslı klinisist cərrah kimi tanınmasına və xalqın rəğbətini qazanmasına səbəb olmuşdur. 1938-ci ildə Mustafa bəy Topçubaşov tərəfindən təklif olunmuş inyeksionanelgeziya narkozunun əsasını təşkil edən analgeziya ideyası (fizioloji yuxuya yaxın) bu gün dünyada tətbiq olunan bütün narkoz növlərinin işlədilməsində istifadə edilir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranır və onun ilk prezidenti professor Mirəsədulla Mirqasımov seçilir. M.Topçubaşov isə akademiyanın 16 həqiqi üzvündən biri olur. Azərbaycan Tibb İnstitutunun 2 professor-cərrahının respublika Elmlər Akademiyasına prezident və həqiqi üzv seçilmələri o dövrdə tibbin, habelə cərrahiyyənin yüksək səviyyədə olmasının göstəricisi idi. XX əsrin 60-cı illərinin ikinci yarısı, 70-ci illərdə yeni nəsil elmi-pedaqoji kadrların yetişməsi və cərrahiyyənin təkmilləşdirilmiş sahələrinin yaradılması ilə xarakterizə olunur. 1961-ci ildə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu (hazırda akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) yaradıldı. Bu institutun təşkilində onun birinci direktoru və ikinci fakültativ cərrahiyyə kafedrasının müdiri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor F.Ə.Əfəndiyevin çox böyük rolu olmuşdur. 1970-ci illərdə Tibb İnstitutunda cərrahiyyənin inkişaf sahələrinə uyğun olaraq onkologiya, urologiya, travmatologiya, neyrocərrahiyyə və anesteziologiya kafedraları yaradıldı. Təhsil ocağının cavan cərrah kadrlarının ölkənin elmi mərkəzlərində praktiki təcrübə toplamaları və elmi yeniliklərlə yaxından tanış olmaları üçün uğurlu tədbirlər həyata keçirildi.
1985-ci ildə Səhiyyə Nazirliyinin Diaqnostika Mərkəzinin (direktor O.K.Şirəliyev) açılması və burada kompüter tomoqrafiyasının quraşdırılması və istifadəyə verilməsi bütövlükdə tibb aləmində, o cümlədən cərrahiyyədə tətbiq olunan ən dəqiq diaqnostika metodlarından biri oldu. Respublikada yeni texnologiya ilə aparılan endoskopik diaqnostikanın və endoskopik cərrahlığın təbliği də bu mərkəzin fəaliyyəti ilə bağlı idi. Respublikada cərrahiyyənin inkişafı onun beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Tibb Universiteti və cərrahiyyə kafedraları dünyanın onlarla tibb universitetləri və tibbi mərkəzləri ilə elmi, praktik əlaqələr yaratmışdır. Azərbaycan Elmi-Praktik Cərrahi Assosiasiyanın və Tibb Universitetinin təşəbbüsü ilə 1997-2008-ci illərdə keçirilmiş Avrasiya cərrah və qastroenteroloqların 4 konqresi ölkəmizə dünyanın ən məşhur cərrah-alimlərinin gəlməsinə və yeni əlaqələrin yaradılmasına səbəb olmuşdur. Bununla əlaqədar gənc cərrah kadrlara bu ölkələrin tibb mərkəzlərində yeni texnologiya, müasir diaqnostika metodları ilə tanış olmaq və praktiki təcrübələrini artırmaq imkanı yaranmışdır.
|