Baş səhifə    » TURİZM    » Azərbaycanın turizm potensialı   

Azərbaycanın turizm potensialı

  


Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastruktur- Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir.
86.6 min kv. km ərazisi və 9 milyon əhalisi olan Azərbaycan Respublikası nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-inin burada olduğu müəyyən edilmişdir.
Bazardüzü (4466 m), Şahdağ (4243 m), Babadağın (3629 m) hündür zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göy-Göl, Maral göl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.
Azərbaycanın flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Ölkədə bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstədə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə, Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir. Son 13 milyon ildə dünyada baş verən reylef və iqlim dəyişikliklərinə duruş gətirən Eldar şamı yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır. 
Ölkəmizin heyvanlar aləmi də, olduqca rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibii və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 108 heyvan növü, o cümlədən 14 növ məməli, 36 növ quş, 13 növ amfibii və reptililər, 5 növ balıq və 40 növ həşərat daxil edilmişdir. Bunlardan xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı və s. təbiətin nadir inciləri kimi xüsusilə məşhurdur.
Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir çox çaylar səsli-küylü əzəmətli şəlalələr yaradır. Dağlıq yerlərdə və Arandakı mövcud göllər, Azərbaycan torpağının əsl bəzəyidir və bu göllərin ən gözəli Göy-Göl və Maral göldür. Xəzərin suları və ona yaxın çaylarda qiymətli uzunburun, lasos, qızıl balıq növləri vardır.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi "mineral sular muzeyi" adlandırılır. Dünyada tanınmış “Karlovi Vari” sularından heç də geri qalmayan isti və mineral bulaqlar- Kəlbəcər rayonundakı İstisu, Naxçıvan MR-dakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur.
Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında, Naftalan müalicəvi nefti xüsusi yer tutur.
Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi deyil. İl ərzində günəşli günlərin sayına görə Respublika İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilə bilər. Azərbaycan ərazisi boyu 825 km uzanan Xəzərin dəniz sahillərinin ucdantutma istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur. Xəzər dənizinin flora və faunası endemik növlərlə zəngindir. Belə ki, qədimliyi ilə digər balıqlardan fərqlənən nərəkimilərin ehtiyatlarının 90 faizi bu dənizdə cəmləşmişdir.
Abşeron yarımadasının Bakı şəhəri ətrafında yerləşən dünyada misli-bərabəri olmayan qumsal çimərlikləri turistlər arasında geniş şöhrət qazanmışdır. Eyni zamanda Respublikanın şimal-şərq sahilində, Yalama-Xaçmaz zonası çimərlikləri (Bakıdan 220 km aralı) birbaşa sahil zolağında bitən enli yarpaqlı meşələr özünün sərtliyi ilə turistləri cəlb edir.
Respublikamızda çimərlik mövsümü sentyabrın axırınadək davam edir. Yayda suyun hərarəti +24 +26 0C-yə çatır.
Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.
Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri İpək Yolu marşrutunda məqbərələrlə təmsil olunmuşdur. Həmin dünya əhəmiyyətli abidələri belə qruplaşdırmaq olar:  

Vəng baş kilsəsi
Tipi: Memarlıq
Əsr: XI əsr
Yerləşdiyi ünvan: Yuxarı Çaykənd kəndi
Inventar nömrəsi: 5011
Şəhər: Şəmkir şəhəri

Hamam
Tipi: Memarlıq
Əsr: 1910-cu il
Yerləşdiyi ünvan: Şahağac kəndi
Inventar nömrəsi: 4126
Şəhər: Astara şəhəri

Babaratma türbəsi
Tipi: Arxeoloji
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Babaratma kəndinin yaxınlığında
Inventar nömrəsi: 6038
Şəhər: Şəki şəhəri

Səkkizguşəli türbə
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Qazqulu kəndi
Inventar nömrəsi: 5184
Şəhər: Tovuz şəhəri

Alı Dədə türbəsi
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Ağdam kəndi
Inventar nömrəsi: 5195
Şəhər: Tovuz şəhəri

Cavanşirin türbəsi
Tipi: Memarlıq
Əsr: XIV əsr
Yerləşdiyi ünvan: Yazı düzü
Inventar nömrəsi: 4706
Şəhər: Qubadlı şəhəri

Soltan Baba türbəsi
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Zeyvə kəndi
Inventar nömrəsi: 4729
Şəhər: Laçın şəhəri

Baba Peyda türbəsi
Tipi: Memarlıq
Əsr: XVII əsr
Yerləşdiyi ünvan: Ordaxal kəndi
Inventar nömrəsi: 4767
Şəhər: Lerik şəhəri

Baba Səməd türbəsi
Tipi: Memarlıq
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Rüdəkənar kəndi
Inventar nömrəsi: 4905
Şəhər: Masallı şəhəri

Zəkəriyyə türbəsi
Tipi: Memarlıq
Əsr: XVIII əsr
Yerləşdiyi ünvan: Canqemiran kəndi
Inventar nömrəsi: 4783
Şəhər: Lerik şəhəri

Balaxanı qalası
Tipi: Memarlıq
Əsr: XIV əsr
Yerləşdiyi ünvan: Balaxanı qəsəbəsi
Inventar nömrəsi: 129
Şəhər: Bakı şəhəri, Sabunçu rayonu

Qala
Tipi: Arxeoloji
Əsr: Orta əsrlər
Yerləşdiyi ünvan: Cəbanı kəndindən cənub-qərbdə
Inventar nömrəsi: 6027
Şəhər: Şamaxı şəhəri

Qız qalası
Tipi: Memarlıq
Əsr: XVIII əsr
Yerləşdiyi ünvan: Aşağı Seyfəli kəndi
Inventar nömrəsi: 5004
Şəhər: Şəmkir şəhəri

Qaşqatəpə qalası
Tipi: Memarlıq
Əsr: XIX əsr
Yerləşdiyi ünvan: Mastex kəndi
Inventar nömrəsi: 5235
Şəhər: Zaqatala şəhəri

Pəri qalası
Tipi: Memarlıq
Əsr: XV-XVI əsrlər
Yerləşdiyi ünvan: Güllük kəndi
Inventar nömrəsi: 4559
Şəhər: Qax şəhəri

Cavanşir qalası
Tipi: Memarlıq
Əsr: XV əsr
Yerləşdiyi ünvan: Şıxlar kəndi
Inventar nömrəsi: 4595
Şəhər: Qobustan rayonu

Xudat qalası
Tipi: Memarlıq
Əsr: XVII əsr
Yerləşdiyi ünvan: Köhnə Xudat kəndi
Inventar nömrəsi: 4681
Şəhər: Qusar şəhəri

Qırmızı qala
Tipi: Arxeoloji
Əsr: Son tunc-ilk dəmir dövrü
Yerləşdiyi ünvan: Çovdar kəndi
Inventar nömrəsi: 938
Şəhər: Cəlilabad şəhəri

Koroğlu qalası
Tipi: Arxeoloji
Əsr: Son tunc-ilk dəmir dövrü
Yerləşdiyi ünvan: Qalakənd kəndi
Inventar nömrəsi: 1030
Şəhər: Gədəbəy şəhəri

Köhnə qala
Tipi: Memarlıq
Əsr: X-XIV əsrlər
Yerləşdiyi ünvan: Naxçıvan şəhəri
Inventar nömrəsi: 395
Şəhər: Naxçıvan şəhəri

Gəncə qalası və qala divarları
Tipi: Memarlıq
Əsr: XV-XVI əsrlər
Yerləşdiyi ünvan: Gəncə çayının sağ sahili
Inventar nömrəsi: 181*
Şəhər: Gəncə şəhəri



Oxunub: 123204