Baş səhifə
» TURİZM
» Turizm təhsili
Turizm təhsiliAzərbaycan Turizm İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 saylı qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. ATİ 2006-cı ilin sentyabr ayında bir fakültə – “Turizm işinin təşkili və idarə edilməsi” fakültəsi ilə fəaliyyətə başlamışdır. İnstitutda hazırda yeddi kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və marketinq”, “Turizmdə informasiya texnologiyaları”, “İctimai fənnlər”, “Turizmin linqvistik təminatı”, “İqtisadiyyat” və “İngils dili”, kafedraları mövcuddur. Kafedralarla yanaşı Tədqiqat və İnkişaf Mərkəzi, Beynəlxalq əlaqələr və layihələr şöbəsi, Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. ATİ-də 1314-dən çox tələbə Azərbaycan, rus və ingilis dillərində təhsil alır. Hal-hazırda ATİ-də təhsil aşağıdakı 11 ixtisas üzrə aparılır: • Menecment • Marketinq • Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması • Regionşünaslıq (Qafqaz regionu, Azərbaycan üzrə) • Bələdçi-tərcüməçi • Macəra, ekstrimal və dağ turizmi • Nəqliyyat servisi (nəqliyyat növləri üzrə xidmətlərin göstərilməsi) • Sosial iş • Beynəlxalq münasibətlər • Qida mühəndisliyi Bir təhsil müəssisəsi kimi missiyası ölkəmizdə turizmin inkişafı üçün mütəxəssislərin hazırlanması, tələbələrinin vətəndaş kimi yetişməsi olan ATİ fəaliyyət göstərdiyi qısa zaman ərzində bir çox uğurlara imza atmışdır. TQDK-nın 2007-ci il üçün Azərbaycanın ali məktəblərinin reytinq sıralamasında ATİ respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu ilin göstəricilərinə əsasən isə 5-ci yerə layiq görülmüşdür. Azərbaycan Turizm İnstitutu yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında qurmuşdur. Müxtəlif xidmət sahələrinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması yönündə qısamüddətli kursların təşkili, turizm müəssisələrinə təşkilati, konsultativ və elmi-metodiki köməkliklər göstərilməsi, ATİ tələbələrinin tədris proqramlarına uyğun olaraq müxtəlif turizm obyektlərində tanışlıq və istehsalat təcrübəsi təşkili istiqamətində işlər görülür. ATİ özünün beynəlxalq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. 4 iyul 2007-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. ATİ eyni zamanda Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qaliblərindəndir. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. Azərbaycan Turizm İnstitutu təhsillə yanaşı turizm sahəsinin tədqiqinə də xüsusi diqqət ayırır. 2007-ci ildə BMTİP-in “Ölkədaxili turizmin inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” layihəsi çərçivəsində yaradılmış Tədqiqat və İnkişaf Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. ATİ elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktivdir. İstər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı olmuşdur. Tələbələrin fəal tələbə həyatı yaşaması üçün hər cür şərait yaradılmışdır.
|