Baş səhifə
» TURİZM
» Azərbaycanda turizm haqqında
Azərbaycanda turizm haqqındaFəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindən biri turizmdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və bununla da getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır. Azərbayanda qədim və orta əsrlərin ticarət karvanları mərhələləri Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolunun (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə, BİY-nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Strabonun yazdığına görə, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. BİY trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu. İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi. XIV əsrdən XIX əsrin sonlarına qədər olan mərhələ Rusiyadan İrana və Hindistana gedən dəniz və quru yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa – Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu. Bunların ölçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hal-hazırda bunlardan Multanı (XII – XIV), Buxara (XIV – XVI), Fars, Ləzgi və s. bizim günlərə gəlib çıxmışlar. Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrocco Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov) səyahətnamələrində olan qeydlər xalqımızın hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir. XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi XIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq onlardan mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm-ekskursiya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım – Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başladılar. 1929-cu ildən başlayaraq “Proletar Turizm Cəmiyyəti” keçmiş SSRİ-də əsas turizm hərəkatının mərkəzinə çevrilməyə başlamışdı. Onun müxtəlif şəhərlərdə, o cümlədən Bakıda şöbələri yaranmağa başlamışdır. “Proletar Turizm Cəmiyyəti”nin əsas vəzifələri – zəhmətkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə tətbiq olunması və s. idi. Cəmiyyətin əsas məqsədi isə turizmi kütləvi hərəkata çevirmək, zəhmətkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsininin artmasına vasitə kimi istifadə etmək olmuşdur. 1922-ci ildə Bakıda ilk ekskursiyaçı dərnəklər yaradıldı. Ekskursiyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Artyom adası və Şıx zolağına istirahət məqsədli eksursiyalar təşkil olunurdu. 1927-ci ildə belə 450 esksursiya gəzintisi keçirilmişdi. Bu illərdə Azərbaycanda turizm eskursiya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur. Müstəqillik dövrünə qədər (1950 – 1991) Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. İkinci dünya müharibəsi illərində bütün SSRİ-də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı. 1950-ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957-ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olundu. 1958-ci ildə Zaqatalada, 1960-cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Azərbaycan Turizm ekskursiyalar idarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969-cu ildən Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Bakı zəhmətkeşlərinin yay istirahətinin təşkili üçün 1962-ci ildən Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi 150 nəfərlik “Sputnik” turist çadır düşərgəsi yaradıldı. 1963-cü ildə Bakıda turist klubu, Nabranda “Xəzər” turist bazası, 1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda, 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970-ci ildə Zaqatalada və 1972-ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975-ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskursiya büroları açıldı. Sonrakı illərdə respublikanın müxtəlif rayonlarında; Naxçıvanda 1978-ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 1970–1987-ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi – texniki bazasını genişləndirmə məqsədi ilə 1973-cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli "Azərbaycan" mehmanxanası istifadəyə verildi. 1978-ci ildə “İnturist” səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu "Moskva" mehmanxanası da əlavə edildi. 1929-cu ildən başlayaraq RTC ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilməyə, müxtəlif şəhərlərdə, o cümlədən Bakıda onun şöbələri yaranmağa başlamışdır. Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə, Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ – nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Respublikamıza turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki "Qarabağ" turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı. 1983-cü il Azərbaycan Respublikası turizmin inkişafında ən yadda qalan il olmuşdur. Həmin il o vaxtkı SSRİ Nazirlər Sovet Sədrinin birinci müavini olan H. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000-ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur. 1988-ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana gələn daxili və xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt, sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilər Azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Respublika hökumətinin qərarı ilə 1988-ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlılar respublikanın turist bazalarında yerləşdirildi. Müstəqillikdən sonrakı mərhələ 1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdur. Məsələn, Həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlər isə yuxarıda qeyd olunan kimi məcburi köçkünlər yerləşdirilmişdir. 1991-ci ilin sentyabrında mövcud olan xarici turizm üzrə idarə ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası yaradıldı. Yalnız 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapdı. Artıq XXI əsrin başlanğıcında Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərirdi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib.
|