Baş səhifə    » TURİZM    » Azərbaycan kurortları   

Azərbaycan kurortları

  


Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilmişdir. Ölkə əsrlər boyu tarixi İpək Yolu vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olmuşdur. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanmışdır. Aparılan araşdırmaların nəticələri Azərbaycanı kurortlar diyarı adlandırmaq imkanı vermişdir.
Azərbaycanda kurortlar şəbəkəsinin mütəşəkkil təşkili XX əsrdən etibarən həyata keçirilmişdir. Əlverişli iqlim şəraiti, müxtəlif mineral sular, müalicəvi palçıq və neft ehtiyatlarından asılı olaraq, respublikanın ayrı-ayrı iqlim zonalarında yerləşən zəngin müalicəvi əhəmiyyətə malik təbii kurortların təsnifatı müəyyənləşmiş və bununla bağlı müvafiq infrastruktur yaradılmışdır.
1936-cı ildə Kurortologiya və Fizioterapiya İnstitutunun təşkili ilə təbii kurortların elmi cəhətdən tədqiqində yeni mərhələ başlamışdır.
XX əsrin ikinci yarısında Azərbaycanda artıq formalaşmış kurortlar şəbəkəsi mövcud idi. Həmin dövrdə yaradılan sanatoriya, pansionat və istirahət evləri sistemi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. Kurort-müalicə imkanları çox geniş olan Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası, Gəncə-Hacıkənd-Göygöl, Şəki-Zaqatala, Şuşa-Turşsu, Quba-Xaçmaz-Nabran, Lənkəran-Astara və digər regionlarda müalicə və istirahətin təşkili üçün lazımi şərait yaradılmışdı.
Azərbaycan kurortlarının inkişafına 1970-ci ildən başlayaraq xüsusi diqqət yetirilmişdir. Məhz həmin ildə SSRİ hökumətinin qərarı ilə Abşeron yarımadası, Naftalan və İstisu kurortları ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir.
1980-ci illərdə isə hökumətin xüsusi qərarına əsasən, Azərbaycanın kurortlar şəbəkəsinin genişləndirilməsi, o cümlədən Xaçmaz-Nabran zonasında irimiqyaslı layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulsa da, cərəyan etməyə başlayan mürəkkəb siyasi proseslər bu planın həyata keçirilməsinə imkan verməmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra kurort işinin inkişafında xüsusi bir mərhələ başlamışdır. Belə ki, 2007-ci ildə Azərbaycan Republikasının Prezidenti İlham Əliyev "Azərbaycan kurortları" dövlət proqramı haqqında sərəncam imzalamışdır. Bundan başqa, 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Kurortlar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycanda kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Azərbaycanın ərazisi kurortlarla zəngindir. Belə ərazilərdə istirahət və müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanitariya mühafizə zonaları və digər kurort infrastrukturu təşkil olunur.
Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları və Naftalan nefti kurortu kimi növləri mövcuddur. Balneoloji kurortlara, əsasən, təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Azərbaycanın ərazisində müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur. İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əhəmiyyətli hesab olunur. Müalicəvi palçıq kurortlarında palçıqdan, əsasən lil palçığından (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqlarından istifadə yolu ilə müalicə aparılır.
Naftalan nefti kurortunda unikal müalicə amilli olan və yüksək təsirə malik Naftalan nefti ilə müalicə aparılır.
Coğrafi yerləşməsinə görə Azərbaycanın kurort resursları aşağıdakı zonalara bölünür:
Böyük Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddələr tərkibli zəif minerallaşmış mineral su yataqları mövcuddur. Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu zonada yerləşir.
Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Şəfalı iqlimə malikdir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir.
Xəzər dənizinin sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə görə üç kurort sahəsinə bölünür. Xudat-Yalama zolağı (Nabran kurortu) qumlu çimərliklər, meşələr, yod-bromlu su ehtiyatları ilə zəngindir. Abşeron yarımadası Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə edir. Həmin ərazidə dəniz iqlimi ilə yanaşı Şıx termal sulfidli suyu, çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla müalicə aparılır. Suraxanı kükürdlü suları, Masazır və Zığ lil palçıqları da müalicə üçün istifadə olunur.
Lənkəran-Astara subtropik zolağı termal mineral su bulaqları ilə zəngindir.
Mineral sularla zəngin bölgədə (150 su bulağı) kurort müalicəsi üçün əhəmiyyətli olan Naxçıvan Muxtar Respublikasının Sirab, Badamlı, Vayxır, Darıdağ və Batabat kurortları yerləşir.
Kür-Araz çökəkliyində balneoloji kurortlar yerləşir və mövcud olan metanlı, azotlu, yüksək və çox yüksək minerallaşmış, silisiumlu, yodlu-bromlu termal su ehtiyatları müalicəvi əhəmiyyətə malikdir.



Oxunub: 146747