Baş səhifə    » TARİX    » Tarixi döyüşlər   

Tarixi döyüşlər

  

Əhəməni şahı II Kiros e.ə 530-cü ildə Azərbaycanın şimalında yaşayan və Tomrisin başçılıq etdiyi massagetlərə qarşı müharibədə məğlub olub, özü isə öldürülüb.

Makedoniya ilə Əhəməni dövlətləri arasında e.ə 331-ci ildə baş vermiş döyüşdə albanlar, sakasenlər, saklar da Atropatın başçılığı altında Əhəməni ordusunda İsgəndərə qarşı vuruşub.

Alazan çayı yaxınlığında e.ə 65-ci ildə romalılarla olan döyüşdə albanlar məğlub olublar.

Eramızın 359-cu ildə Amid döyüşündə bir tərəfdən Sasani-Alban, digər tərəfdən isə Roma-Erməni dövlətləri üz-üzə gəldi. Bu döyüşdə Sasani-Alban ittifaqı qələbə çaldı. Amid döyüşündən sonra Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı.

371-ci ildə Dzirav döyüşündə tərkibində erməni dəstələri olan romalılar qalib gəliblər. Bu məğlubiyyətdən sonra Albaniya Uti, Sakasena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.

Xalxal şəhəri yaxınlığında 450-ci ildə baş vermiş döyüşdə alban qoşunları sasani qoşununu məğlub edib.

Ərəblərlə sasanilər arasında baş vermiş 636-cı il Kadisiyyə döyüşündə Alban şahzadəsi dəstəsi ilə Rüstəmin başçılıq etdiyi sasani qoşunu tərkibində vuruşub. Cavanşir göstərdiyi igidliyə görə sasani şahı III Yəzdəgird tərəfindən mükafatlandırılıb.

Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.

639-cu ildə Hüzeyfənin başçılığı ilə ərəb qoşunlarının Azərbaycana hücumu zamanı Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yaxınlığında baş vermiş döyüşdə mərzban İsfəndiyar ibn Fərruxzadın başçılıq etdiyi Azərbaycan qoşunları məğlub olub.

662-ci ildə Alban hökmdarı Cavanşirin qoşunu ilə Xəzər qoşunu arasında Kür çayı sahilində baş vermiş döyüşdə alban qoşunu qələbə çalıb.

944-cü il avqustun 24-də rus dəstələri Bərdə şəhərini mühasirəyə aldı. Əhalinin müdafiəsinə baxmayaraq ruslar şəhəri tuta bildilər. Şəhərdə böyük dağıntı və qırğın törədildi. Salari hökmdarı Mərzuban ibn Məhəmməd 30 minlik qoşunla köməyə gəlsə də, Mosul hökmdarının onun torpaqlarına hücumunu eşidərək geri qayıtması rus dəstələrin 945-ci il avqustun 12-ə qədər Bərdədə qalmasına şərait yaradıb.

1088-ci ildə sərkərdə Buğanın başçılığı ilə səlcuq qoşunları Gəncəyə hücum edib, sonuncu Şəddadi hökmdarı Fəzli əsir götürüb. Bununla da Şəddadilər dövlətinə son qoyulub.

Teymur qoşunları Naxçıvanda Əlincə qalasını 1387-ci ildə mühasirəyə alıb. Əlincəlilər 14 il qalanı hücumdan qoruya biliblər. 1401-ci ildə müdafiə rəhbərlərinin arasında olan ixtilaf nəticəsində qala işğal olunub.

1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə qaraqoyunlularla Teymurun oğlu Miranşah arasında baş vermiş döyüşdə qaraqoyunlular qalib gələrək Təbrizdə möhkəmləniblər. Bu döyüşdə Miranşah öldürülüb.

1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şəmbi-Qazan adlı yerdə Qaraqoyunlu Qara Yusiflə Cəlairili Sultan Əhməd arasında baş vermiş döyüşdə qaraqoyunlular qələbə çalıb. Bu döyüşdən sonra rəsmi Qaraqoyunlu dövləti yaranıb.

1467-ci il mayın 10-da Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüşdə Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoyub.

1473-cü il avqustun 11-də Ağqoyunlularla Osmanlı qoşunu arasında baş vermiş Otluqbeli döyüşündə Osmanlı qoşunu qələbə çalıb.

1501-ci ilin yayında Şərurda İsmayılın başçılıq etdiyi səfəvilərlə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə arasında baş vermiş döyüşdə Səfəvilər qələbə çalıb. Bu döyüşdən sonra Səfəvilər dövləti yaranıb.

1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı adlı yerdə şah İsmayılın qoşunu ilə Ağqoyunlu Murad arasında baş vermiş döyüşdə Murad Mirzə məğlubiyyətə uğradılıb.

1510-cu il dekabrın 1-də Xorasanda Özbək Şeybani xanla şah İsmayılın qoşunu arasında baş vermiş həlledici döyüşdə özbək qoşunu darmadağın edilib, Şeybani xan isə öldürülüb.

1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə Səfəvi-Osmanlı döyüşündə Osmanlı qoşunu qələbə çalıb.

1534-cü ildən 1554-cü ilə qədər sultan I Süleymanın başçılığı ilə Osmanlı qoşunu 4 dəfə Azərbaycana yürüş edib. Hər dəfə Səfəvi qoşunları məğlub olub.

1603-cü il noyabrın 16-da İrəvan qalası şah I Abbasın başçılıq etdiyi Səfəvi qoşunu tərəfindən mühasirəyə alınıb.1604-cü il iyunun 8-də isə qala osmanlılar tərəfindən geri qaytarılıb.

Rus qoşunları 1723-cü il iyulun 6-da Bakı şəhərini mühasirəyə alıb. İyulun 27-dək davam edən döyüşlərdə Bakı şəhəri işğal olunub.

Osmanlı qoşunu 1724-cü ildə İrəvana hücum edib. Üç ay davam edən mühasirədən sonra sentyabrın 20-də şəhər ələ keçirilib.

1724-cü ilin mayında Osmanlı qoşunu əhalinin ciddi müqavimətini qıraraq 54 gündən sonra Xoy qalasını ələ kesirib.

1735-ci ilin iyununda Eçmiədzinin şimal-qərbində Nadir xanın başçılıq etdiyi Səfəvi qoşunu ilə Osmanlı qoşunu üz-üzə gəlib.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycana hücum edib. Qarabağı, İrəvanı və Şirvanı hədəf seçən Qacar qoşunu bir sıra qələbələr qazansa da, geri çəkilməyə məcbur olub. İkinci dəfə şah 1797-ci ildə Şimali Azərbaycana hücum edib. Ağa Məhəmməd şah Şuşa şəhərində öldürüldüyünə görə, Qacar qoşunu Azərbaycanı tərk etməyə məcbur olub.

1796-cı ildə Rusiya qoşunları Azərbaycana yürüş edib. Yürüş zamanı Quba, Bakı, Şamaxı və Gəncə xanlıqları müqavimət göstərsə də, ruslara tabe olub. Rusiya imperatriçəsi II Yekaterinanın gözlənilməz ölümü Azərbaycanın işğal planını həyata keçirilməsinə mane olub.

1803-cü ilin payızında Sisyanovun başçılıq etdiyi rus qoşunları Gəncə şəhərinə hücum edib. Cavad xanın başçılığı ilə Gəncə qoşunu rus qoşununa güclü müqavimət göstərib. Daha yaxşı silahlanmış rus qoşunu 1804-cü il yanvarın 3-də Gəncəni işğal etib.

1806-cı ilin yanvarında rus qoşunları Bakı şəhərinə hücum edib. Fevralın 8-də Bakı şəhər darvazasının qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisyanovu vurub, gecə isə onun başı kəsilərək Təbrizə, Abbas Mirzəyə göndərilib.



Oxunub: 536421