Qarabağ məktəbi
Azərbaycanın cənub - qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaqçı, Tuğ, Köhnə Tuğlar, Hadrutun- Muradxanlı, Qasımuşağı, Qubadlının- Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayır. Dağlıq zonaya nisbətən, xammalla daha yaxşı təmin olunmuş aran rayonları- Cəbrayıl, Ağdam, Bərdə və Füzuli də xalça istehsalında əsas yer tutur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.