Baş səhifə
» İNCƏSƏNƏT
» Xalq sənətkarlığı
» Dulusçuluq
DulusçuluqDulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşədir. Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir:
Adi tikinti kərpicinin istehsalı; Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı;
Fayans və farfor məmulatlarının istehsalı.
Azərbaycanda dulusçuluğun tarixi
Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalınm ən qədim sahələrində olub, bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəllər əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdir.
Orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallanna qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfıyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kül rələrinin kutləvi şəkildə tətbiq edilməsi yüksək keyfıyyətli saxsı məmulatınının istehsalı üçün daha əlverişli şərait yaradırdı.
Xanlıqlar dövrünə aid arxiv sənədlərində və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və s. şəhərlərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar hazırlayırdılar. Təkcə Şəki şəhərində saxsı səhəng istehsal edənlərin sayı 29 nəfərə çatdırdı.
Digər xanlıqlarla müqayisədə Naxçıvan xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Lakin əksər hallarda bu məlumatlar bir-birlərini təkrar edirlər. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin hər birində 12 nəfər dulusçu çalışırmış. Ordubaddakı dulusçu emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var.
Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını irəli sürürlər. Şəhərin ətrafındakı müxtəlif növ gil yataqları burada saxsı qabların istehsalı üçün şərait yaradırdı. 1946-cı ildə şəhərin qala hissəsində V.N.Leviatov tərəfindən aparılmış qazıntı işləri zamanı XVII-XVIII əsrlərə aid edilən xeyli miqdarda şirli qablar-kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər.
Təbriz və Ərdəbil şəhərləri də dulusçuluq istehsalının əsas mərkəzləri kimi öz mövqelərini saxlamaqda davam edirdilər. Bu şəhərlərin ətrafındakı zəngin gil yataqları saxsı məmulatlarının istehsalı üçün əlverişli şərait yaradırdı. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox kəndlərdə məşğul olurdular. Əvvəlki dövrlərdə saxsı qablar istehsalında böyük şöhrət qazanmış Təbrizin yaxınlığındakı Kuzə Kunan kəndi bu ənənələri xanlıqlar dövründə də davam etdirirdi. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər.
Quba xanlığında saxsı qablar istehsalının əsas mərkəzləri Yenikənd, Ispik və Möhüc kəndləri idilər.
|