Baş səhifə    » İNCƏSƏNƏT    » Xalq sənətkarlığı    » Halvaçılıq   

Halvaçılıq

  

Halva Şərq deserti hesab olunur. Əsasən un, qoz, fındıq, yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), yağ və şəkərdən hazırlanır. Hələ qədimdən Azərbaycanın Gəncə, Şəki, Naxçıvan və Ərdəbil, Təbriz şəhərlərində halvaçılıqla məşğul olublar. Halvanın bir neçə növü var: qozlu halva, tum halvası, səməni halvası, bamiyə, zulbiya, tərə və s.


Azərbaycanda ən çox yayılan halva Şəki halvasıdır.
Şəki halvası
- əslində Şərqdən, Suriyadan gəlib. Sonradan Şəkidə daha da püxtələşib. Suriyada bu halvaya fındıq ləpəsi, Şəkidə isə badam ləpəsi vurulur. Şəki halvaçılarının tarixdən gələn və bu gün də qoruduğu ənənələrdən biri də dükana gələn müştəriyə ilk öncə bir dilim halva ikram etməsidir.
Hazırda Şəki şəhərində halvaçılıqla məşğul olan, dədə-baba sənətini davam etdirən sənətkarlar var.
Ən çətin hazırlandığı bildirilən halva növlərindən biri də səməni halvasıdır. Səməni halvasına bəzən “suhan halvası” və ya “İsfahan halvası” da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır.
Vaxtilə səməni halvası ilə bağlı bəzi mərasimlər də olub. Məsələn, böyük çillənin başlanğıcında insanlar qışdan qorxmadıqlarını nümayiş etdirmək üçün səməni halvası bişirərmişlər. Halvanın ununu 7 evdən götürərmişlər. Bişirəndə içinə badam, olmadıqda isə fındıq qoyarmışlar. Bundan sonra qadınlar əl-ələ verib səməniyə həsr olunmuş mahnılar oxuyarmışlar.
Hazırda səməni halvası Bakı, Gəncə, Naxçıvan və digər bölgələrdə hazırlanır. Lakin halvaçılıqla məşğul olan sənətkarlar yalnız Şəkidədir ki, onlar da daha çox Şəki halvasının hazırlanmasına üstünlük verirlər.



Oxunub: 439177