Baş səhifə
» FƏLSƏFƏ
» Qədim və erkən orta əsrlərdə fəlsəfi fikir
» Atəşpərəstliklə bağlı fəlsəfi fikirlər
Atəşpərəstliklə bağlı fəlsəfi fikirlərAzərbaycan fəlsəfi fikrində mühüm cərəyan zərdüştilik olmuşdur. Zərdüştiliyin görkəmli abidəsi “Avesta” əsərində dövrün sosial-mədəni, xüsusilə fəlsəfi fikri haqqında ensiklopedik məlumat toplanmışdır. Qədim və orta əsr mənbələri, eləcə də bir çox sonrakı tədqiqatlar Zərdüştün tarixi Azərbaycan ərazisində yaşaması, “Avesta”nın bizə çatan mətninin əslinin isə Atropatena və Raqadan olan maqlar tərəfindən yazıya alınması barədə məlumat verir.
“Avesta”ya görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan isə altı ölməz Xeyir ilahəsini yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. İkinci dövrdə Ahura Mazda maddi, hisslərlə qavranılan, kamilliyi və Xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şər ilə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaqdır. “Avesta”da Şər ruhuna qarşı Həqiqət, Ədalət və İşıq rəmzi olan Arta qoyulur. Ruhların mübarizəsində Kainatda konkret nəfslərin daşıyıcıları (insan, heyvan, bitki, mineral və s.) fəal iştirak edir. Kainatın daxilindəki bütün şeylər canlıdır. Nəfs həm konkretə, həm də mücərrədə xasdır. İnsanın nəfsi – onun inamı, dünyagörüşü, mənəvi prinsipləri ilə bahəm onun davranış tərzidir. Bunlar bütövlükdə insanın mahiyyətini təmsil edir və o öz azad iradəsinə uyğun Xeyir və ya Şər yolunu seçir. Qatalarda mühüm yeri müharibəyə və hər növ zülmə qarşı etiraz, sosial problemlər, kəndlilərin və kasıb təbəqənin mənafeyinin müdafiəsi, təbiətin – torpaq, su, bitki və heyvanların mühafizəsi məsələləri tutur, bu işdə insanın rolu vurğulanırş. Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətçillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir. Zərdüştilik İranda hakim dinə çevrildikdən sonra gələcəkdə onun ümumbəşəri xəlqi və humanist müddəaları öz yerini, əsasən ayin və mərasimlərinə verdi. Lakin zərdüştiliyin ilk başlanğıc: işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan və Orta əsrlər İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu.
|