Baş səhifə
» İQTİSADİYYAT
» Maşınqayırma
MaşınqayırmaSon illərə qədər Azərbaycanda maşınqayırmanın — neft maşınqayırması sahəsi üzrə ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni verir. Neft maşınqayırmasında ən iri müəssisələrdən biri «Başneftkimmaş Birliyi»dir. Bu müəssisə hazırladığı məhsulu 40 ölkəyə ixrac edir. Sahil qəsəbəsində yerləşən Bakı Dərin Dəniz Özülləri Zavodunda hazırlanan stasionar platformalar Xəzərin 200-300 m-ə qədər dərinliyində quyu qazmağa imkan verir. Azərbaycanın neft maşınqayırmasına aid digər iri müəssisələri — Səttərxan adına Maşınqayırma zavodu, Keşlə maşınqayırma Zavodu, Binəqədi gil və poladtökmə Zavodlarıdır. Bakıda Poladtökmə Zavodu tikildikdən sonra Azərbaycan xaricdən daha tökmə polad almır. Elektronika sahəsi yüksək ixtisaslı kadrlar və xammal tələb edir. Azərbaycandakı ən iri elektrotexnika müəssisələri bunlardır: Bakıda-kondisionerlər, soyuducular, akkumulyator, lampa, transformatorlar hazırlayan zavodlar, Şamaxıdakı «Star» televizor, Mingəçevirdə kabel zavodu; Salyanda su qızdırıcıları (kalonka) zavodu. Radioelektronika zavodlarına Bakıda — E.H.M zavodu, Bakı radio, «Nord», «Azon» və s. zavodları aiddir. Nəqliyyat maşınqayırmasına — avtomobil və gəmiqayırma zavodları aiddir. Bakıdakı Gəmiqayırma Zavodunda — kiçik yedək gəmiləri düzəldilir. Azərbaycan maşınqayırmasının son nailiyyəti kimi 2010-ci ildə Naxçıvan Avtomobil Zavodunun istismara verilməsini göstərmək olar. Bu zavodda “Lifan” markalı minik avtomobilləri istehsal olunur. Mingəçevir və Zəyəmdə isə kənd təsərrüfatı maşınları hazırlanır. Azərbaycanda maşınqayırma üzrə mütəxəssislər Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası-da hazırlanırlar. Hazırda 11 zavod və 2 institut İSO 9001-2000 sertifikatının tələblərinə uyğun olaraq istehsal edilən avadanlığın keyfiyyətinin idarə edilməsi menecmentini müvəffəqiyyətlə həyata keçirir. Eyni zamanda neft-qaz avadanlıqlarının böyük qismi Amerika Neft İnstitutunun (APİ) spesifikasiyalarına uyğun istehsal edilir. Azərbaycanda hərbi sənaye kompleksinə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri daxildir. Nаzirliyin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər: "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir. "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir. "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir. Təkcə 2010-cu ildə Müdafiə Sənayesi Nazirliyinin zavodları müdafiə təyinatlı 350 adda məhsul istehsal etmişdir.
|