Baş səhifə
» İQTİSADİYYAT
» Energetika
EnergetikaYüz ildən artıq tarixi olan Azərbaycan elektrik energetikasının vüsətli inkişaf dövrü 1970-ci ildən başlanmışdır. İnkişafda olan Sumqayıt sənaye rayonunun artan istilik və elekrtik tələbatını ödəmək üçün “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün artırılması planlaşdırılmış və 1972-ci ildə sonuncu-dördüncü turbin generatoru işə salınmışdır. Beləliklə stansiyanın gücü 220 MVt-ya çatdırıldı. Bu da sənaye rayonunun elektrik təchizatının yaxşılaşdırılmasına imkan verdi. Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölkənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyasının istifadəyə verilmişdi. Hal-hazırda bu obyekt Ermənistanın müvəqqəti işğalı altında olan ərazidədir. Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 mlrd. kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və indiki Azərbaycan İES-in inşasına başlamaq qərara alınmışdır. 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, üstəlik, yerli hasilatın bir qismini qonşu respublikalara verirdi. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, respublikamızdakı hər bir evə elektrik xətti çəkilmişdi. Beləliklə, 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330-kV-lik Əli Bayramlı (hal-hazırda Şirvan) DRES-Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, həmçinin, 330/110/20 kV-lik “Yaşma”, “Gəncə” və “Ağstafa” qovşaq yarımstansiyaları inşa edilib, istismara verilmişdir. Azərbaycan İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. 500 kV-lik 1-ci Abşeron EVX, 2-ci Abşeron EVX, Muxrani-Vəli EVX (hazırda qismən dağılmış vəziyyətdədir), 4-cü və 5-ci Mingəçevir EVX-lər çəkildi. 80-ci illərdə, həmçinin, 500/330/220 kV-lik “Abşeron”, 330/110/10 kV-lik “İmişli”, 220/110/10 kV-lik “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara verildi, 330 kV-lik 3-cü Əli Bayramlı EVX-lər istismara verilmişdir. Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Lakin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik energetika sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sistemininin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal hazırda da məqsədyönlü şəkildə istifadə olunur. 1995-ci ildə respublikada 17 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da həmin dövrdəki istehlakın 97 faizdən artıq hissəsini təşkil etmişdi. Qalan hissə isə enerji idxalı hesabına ödənilmişdir. Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,24 milyon ABŞ dolları məbləğində kredit ayırmış, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilmiş, burada elektrik enerjisi hasilatına başlanılmışdır. Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. "Energetika haqqında", "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Elektrik və istilik stansiyaları haqqında" qanunlar qəbul edilmişdir.
|