Baş səhifə
» İQTİSADİYYAT
» Azərbaycanda neft sektorunun inkişafı
Azərbaycanda neft sektorunun inkişafı1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda neft hasilatının sonrakı inkişaf perspektivləri bu sahəyə xarici sərmayənin və transmilli neft şirkətlərinin cəlb edilməsi ilə bağlı oldu. Əslində bu proses 80-ci illəri axırında- SSRİ-də başlayan yenidənqurma nəticəsində Qərblə iqtisadi əməkdaşlığın mümkünlüyü qəbul edildikdən sonra start götürdü. Bir sıra xarici neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda 80-ci illərdə kəşf edilmiş zəngin neft yataqlarına maraq göstərirdilər. Əvvəllər onların başlıca diqqəti 1985-1987-ci illərdə kəşf edilmiş «Çıraq» və «Azəri» yataqlarının neft ehtiyatlarına yönəlmişdi. Xarici şirkətlərin marağını nəzərə alan hökumət 1991-ci ilin yanvarında «Azəri» yatağı üzrə tender elan etdi. Həmin tenderdə BP (Statoil ilə ittifaqda), “Amoko” və “Yunokal” kimi tanınmış neft şirkətləri iştirak etdi. Tenderin nəticələri 1991-ci ilin yayında elan edildi – ABŞ-ın “Amoko” şirkəti qalib oldu. Lakin Azərbaycan hökuməti digər şirkətlərin də cəlb olunması barədə qərar qəbul etdi. Beləliklə, “Amoko”nun rəhbərliyi altında “Yunokal”, BP/Statoil, “Mc.Dermott”, “Ramko” kimi şirkətlərin də daxil olduğu konsorsiumun əsası qoyuldu. Bu konsorsium texniki-iqtisadi əsaslandırmanı və kontraktın layihəsini hazırlamalı idi. 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Müstəqil Azərbaycan hökuməti neft yataqlarının xarici şirkətlərlə birgə istismarı istiqamətində danışıqları davam etdirməyi qərara aldı. Ona görə ki, neft müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın potensial olaraq dünya bazarlarına böyük həcmlərdə çıxara biləcəyi başlıca resurs idi. Neftdən gələn böyük gəlirlər ölkədə makroiqtisadi sabitliyi təmin edəcək və iqtisadiyyatı tənəzzüldən çıxaracaq başlıca vasitə sayılırdı. 1992-ci ilin sentyabrının 7-də BP/Statoil alyansı ilə «Çıraq» yatağına və «Şahdəniz» perspektiv strukturuna dair, okyabrın 1-də isə Penzoyl/Ramko alyansı ilə «Günəşli» yatağına dair texniki-iqtisadi əsaslandırmaların və kontrakt layihələrinin hazırlanması üçün sazişlər imzalandı. Neft şirkətləri də öz növbəsində bir sıra öhdəliklər götürdülər. Məsələn, BP/Statoil sazişin imzalanmasından dərhal sonra Azərbaycan hökumətinə 30 milyon dollar bonus ödəməyi boynuna götürdü. 1994-cü ilin sentyabrın 20-də xarici neft şirkətlərinin, «Çıraq», yataqlarının və «Günəşli» yatağının dərin hissəsinin birgə işlənilməsi üzrə Azərbaycanın ilk beynəlxalq neft sazişi – «Əsrin müqaviləsi» imzalandı. «Əsrin müqaviləsi»nə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərin hissəsindən çıxarılması ilə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, İngiltərə, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 aparıcı neft şirkətləri məşğul olur. Bu şirkətlərdən dördü ABŞ-a, ikisi isə İngiltərəyə aiddir. Müqaviləyə qoşulan ən iri şirkətlərdən Amerikanın «AMOKO», İngiltərənin «Britiş Petrolium», Norveçin «Statoyl» və s. şirkətləri göstərmək olar.
|