Baş səhifə    » HEYKƏLTƏRAŞLIQ    » Heykəltəraşlar    » Ömər Eldarov   

Ömər Eldarov

  

Ömər Eldarov (1927)

Leninqraddakı (indiki Sankt-Peterburq) İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil almışdır. 
Ömər Eldarov 1958-1968-ci illərdə Rəssamlar İttifaqının katibliyinə üzv seçilmişdir. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilmişdir.
1995-ci ildə Ömər Eldarov Milli Məclisə deputat seçilmişdir. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun (1955-ci il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974-cü il, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984-cü il, Bakı), dirijor Niyazinin (1989-cu il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991-ci il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988-ci il, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bunyadovun (2000-ci il, Bakı), akademik Həsən Əliyevin (1988-ci il, Bakı), rəssam Səttar Bəhlulzadənin və başqalarının qəbirüstü abidələrinin müəllifidir. 
Sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Naxçıvanda qoyulmuş abidə-büstü, həmçinin Qarsda qoyulmuş abidəsi (2001), alim, göz həkimi Zərifə Əliyevanın xatirəsini əbədiləşdirən "Elegiya" (1997) adlı mərmər kompozisiyası, türk alimi İhsan Doğramacının (2002) Bilkənd şəhərində qoyulmuş abidəsi Ö.Eldarovun yeni yaradıcılıq uğurlarıdır.
Ö.Eldarov Sovet İttifaqı Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan heykəltəraşlığının inkişafında xidmətlərinə görə görkəmli sənətkar "İstiqlal" ordeni (1997) və Rusiya Federasiyasının "Dostoynomu" medalı (2002) ilə təltif olunub.



Oxunub: 80780