Baş səhifə    » MUSİQİ    » Musiqiçilər    » Bəstəkarlar   

Bəstəkarlar

  


Arif Məlikov (1933)
A. Məlikov müasir Azərbaycan musiqisinin ən görkəmli simalarından biridir. “Məhəbbət əfsanəsi”, “Yer üzərində iki nəfər”, “İki qəlbin poeması” baletlərinin, “Dalğalar” operettasının, 8 simfoniyanın, N. Hikmətin şerlərinə bəstələnmiş romanslar, onlarla müxtəlif adlı simfonik əsərlər, kamera musiqisi, kino, teatr musiqilərinin müəllifidir. Əsərlərində muğamlardan yaradıcılıqla bəhrələnmişdir.

Asəf Zeynallı (1909–1932)
A. Zeynallı Azərbaycan xalq musiqisinin əsaslarını Ü. Hacıbəyovdan öyrənmişdir. O, Azərbaycan musiqi mədəniyyəti tarixinə bir sıra yeni janrın (milli romans, uşaq musiqisi və s.), ilk kamera-vokal, instrumental, simfonik əsələrin yaradıcısı kimi daxil olmuşdur. A. Zeynallı “Ölkəm”, “Sual”, “Sərhədçi” romanslarının, “Fraqmentlər” simfonik süitasının, “Uşaq süitası”nın, fortepiano üçün “Çahargah” pyesinin, skripka və fortepiano üçün “Muğamsayağı” pyesinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanmasında onun böyük xidməti olmuşdur. 50-yə yaxın xalq mahnısını nota köçürmüşdür.

Aqşin Əlizadə (1937)
Bəstəkar A. Əlizadə “Babək”, “Qafqaza səyahət” (A. Dümanın motivləri əsasında), “Ümid valsı” baletlərinin, 5 simfoniyanın, “Pastoral”, “Aşıqsayağı” “Cəngi” və s. orkestr əsərlərinin “Azərilər” kantatasının, “Bayatılar” xor silsiləsinin, kamera- instrumental əsərlərin, foprtepiano üçün “Dastan”, “Qədim oyunlar”, orqan üçün “Muğam sədaları” kimi əsərlərin müəllifidir.

Aydın Kərimov (1946)
A. Kərimov Ü.Hacıbəyovun “Azərbaycan Himni”nin bərpası - klavir və partiturası (1991), “Həyatın dibində” simfonik lövhələri (1991), “Əmanət” musiqili komediyası (1993), “Qətl günü” simfonik röyalar (1994), “Yay gecəsinin yuxusu” müzikl (1995), “Karmen” müzikl (1995), simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998), N.Hikmətin və V.Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) “Həyatın dibində” (1991), “Böyük Romul” (1992), “Lənkəran xanının vəziri” (1992), “Yayda qartopu oyunu ” (1993), “Qətl günü” (1994) tamaşalarına musiqi və s. yazmışdır.

Ayaz Qəmbərli (1984)
A. Qəmbərlinin yazdığı əsas əsərlərin siyahısına Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş “Bəy” süitası (ikili orkest üçün), violin, cello və piano üçün “Astalıqlar”, piano trio, simli kvartet, piano və orkestr üçün konsert daxildir.

Arif Mirzəyev (1944)
Azərbaycanlı bəstəkar, orqan ifaçısı. Azərbaycanda dini və orqan musiqisinin əsasını qoymuşdur. Hazırda Almaniyada yaşayır. “Dahi prezidentə xatirə duaları” əsəri ABŞ, Fransa və Almaniyada ifa olunmuşdur. Azərbaycanın və Rusiyanın görkəmli bəstəkarı və orqan ifaçısı “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülmüşdür. Bəstəkar Qara Qarayevin yetirməsidir.

Azər Dadaşov (1946)
“Solo fleyta üçün sonata” (1990), Nəfəsli orkestr üçün “Azərbaycan marşı” (1991), “Sülh nəğməsi” kantatası (1992), “Balaca Muqun sərgüzəştləri” uşaq operası (1993), nəfəsli orkestr üçün “Mərdlik marşı” (1996) və s. əsərlərin müəllifidir. “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) filmlərinə musiqi yazmışdır.

Azər Rzayev (1930)
Bəstəkar və pedaqoq Azər Rzayevin eyni zamanda peşəkar skripkaçı olması onun yaradıcılığında da öz əksini tapır. Belə ki, A. Rzayevin bu alət üçün yaratdığı konsertlər, skripka və orkestr üçün sonata yüksək bədii əhəmiyyət kəsb edir. Bəstəkar “Bakı- 90” simfoniyasının, bir sıra instrumental və musiqi teatr əsərlərinin müəllifidir.

Cahangir Cahangirov (1921 -1992)
C. Cahangirovun yaradıcılığının əsas hissəsini xor əsərləri təşkil etmişdir. O, simfonik orkestr üçün “Arazın o tayında” (1949) vokal simfonik poemasını və “Dostluq nəğməsi” (1956) süitasını, “Füzuli” (1959) və “Nəsimi” (1973) kantatalarını bəstələmişdir. Bəstəkar xanəndələrin repertuarında mühüm yer tutan lirik mahnıların (Nazənin “Ana”, “Zəriflik”, “Xəzər”, “Dan ulduzu, bir də mən”, və s), “Azad” (1957) və “Xanəndənin taleyi” (1978) operalarının, “Təzə gəlin” (1976) operettasının və s. əsərlərin müəllifidir

Cavanşir Quliyev (1950)
C. Quliyev “Oğuznamə” baletinin, “Məhəbbət oyunu”, “Yeddi məhbusə” operettalarının, 4 simfoniyanın, iki yaylı, bir nəfəsli kvartetlərin, simfonik orkestr və zurna üçün üverturanın, violino və saz üçün sonatanın, piano üçün “Muğam səssıralarında Yeddi Pyes”in, “Karvan” triosunun, “Bayatı” poemasının, müxtəlif kamera-instrumental əsərlərin, çox sayda mahnıların müəllifidir.

Cahangir Zülfüqarov (1955)
C. Zülfüqarov Aleksandr Ostrovskinin “Qar qız”, Bertolt Brextin “Kuraj ana”, Aleksandr Sergeyeviç Puşkinin “Qızıl xoruz”, Şarl Perronun “Qırmızı papaq”, Cani Rodarinin “Çipollino”, Mirzə Fətəli Axundovun “Parisi dağıdanlar”, Kamal Aslanovun “Şərq nağılı”, Rəhman Əlizadənin “Damdabaca”, “Tıq-tıq xanım”, “Maymaq”, “Dəcəl çəpişlər belə-belə işlər”, Xanımana Əlibəylinin “Ləpələrin nağılı” və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.

Cəmil Əmirov (1957)
Müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələmişdirib (1990 - 2001).

Cövdət Hacıyev (1917 - 2002)
C. Hacıyev Moskva Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan simfonizminin əsasını qoyanlardan biridir. O, 8 simfoniyanın, simfoniyettanın, 3 simfonik poemanın, o cümlədən, “Sülh uğrunda” (1951) və digər orkestr əsərlərinin, həmçinin “Vətən” operasının, oratoriyalar, kamera-instrumental əsərlər, xor-poema, romans-qəzəllər və s. bəstələmişdir. Aşıq mahnılarının, xalq rəqslərinin not yazılarının müəllifidir.

Eldar Mansurov (1952)
E. Mansurov 2 balet, 5 simfoniya, 2 simfonik poema, violin və orkestr üçün konsert, bir çox kamera və xor əsərlərinin, bir çox filmlərə və tamaşalara musiqinin, mahnıların müəllifidir.

Elmir Mirzəyev (1970)
Elmir Mirzəyev 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holmun rəhbərliyi altında Göteborqda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoorndа (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 1994-2006-cı illərdə Almaniya, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bоlqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukraynа, Moldova, Gürcüсtаn, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilmişdir.

Emin Sabitoğlu (1937- 2000)
E. Sabitoğlu 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələmişdir. Müasir Azərbaycan musiqisinin nadir şəxsiyyətlərindən biri idi. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir.

Əzizə Mustafazadə (1969)
Əzizə Mustafazadə 1988-ci ildə ABŞ-da Tellonius Monk adına beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülmüş, bir il sonra isə Polşada caz vokalçıların müsabiqəsində ikinci mükafat və gümüş medal əldə etmişdir. 1994-cü ildə Əzizə Almaniyanın musiqi səhnəsindəki ən yüksək Fono Akademiyasının mükafatı ilə təltif olunmuşdur.

Əfrasiyab Bədəlbəyli (1907-1976)
Əfrasiyab Bədəlbəyli ilk milli Azərbaycan baleti olan “Qız Qalası”nın (1940), “Nizami” (1948), “Söyüdlər ağlamaz” (1971) operalarının müəllifi olmuşdur. O, həmçinin bir çox dram tamaşalarına (“Hacı Qara”, “1905-ci ildə”, “Fərhad və Şirin” və s) musiqi bəstələmişdir. Ə.Bədəlbəyli “Bahadur və Sona”, “Söyüdlər ağlamaz” operalarının, “Qız qalası”, “Qızıl açar”, baletlərinin librettosunu yazmış, “Sevilya bərbəri” (C. Rossini), “Daisi” (Z. Paliaşvili) operalarının mətnlərini ekviritmik tərcümə etmişdir.

Əfsər Cavanşirov (1930 - 2005)
Ə. Cavanşirov 1958-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin “Bənövşə” Uşaq Xorunda bədii rəhbər kimi çalışmışdır. O, “Buratino” uşaq operasının, simfonik poema, akapella xor kollektivi üçün mahnıların müəllifidir. Rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xoru üçün də çoxlu mahnılar yazmışdır.

Fərəc Qarayev (1943)
Simfonik və Kamera orkestri üçün “Tristessa -I”, “Tristessa - II”, BSO üçün serenada, qarışıq xor simfonik orkestrı üçün “Qoyya” proqramlı simfoniyasının, simfonik orkestr üçün 4 Postlüdiya, kamera-instrumental əsərlərin və kinofilmlərə yazdığı musiqilərin müəllifidir.

Firəngiz Əlizadə (1947)
F. Əlizadənin əsas əsərləri sırasında “Qarabağnamə”, “Ağ atlı haqqında əfsanə” operaları, “Ölümsüzlüyə səyahət” oratoriyası, zərb alətləri və kamança orkestri üçün “Silk road” konserti, müxtəlif heyətlər üçün “Miraj”, “Oasis”, “Abşeron”, “Muğamsayağı”, “Atəş”, violençel və fortepiano üçün “Habilsayağı” əsərləri qeyd olunmalıdır.

Fikrət Əmirov (1922 - 1984)
Azərbaycan musiqisinin klassiklərindən sayılan F. Əmirov “Sevil” operasının (1953), “Ürəkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarının, “Nəsimi dastanı” (1973), “Min bir gecə” (1979), “Nizami” (1984) baletlərinin müəllifidir. “Azərbaycan” süitası, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür”, uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam-poema”, sonata, mahnı və romanslar və s. əsərlər bəstələmişdir. Fikrət Əmirov Azərbaycan musiqisində simfonik muğam janrının yaradıcısıdır. “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları onun yaradıcılığında mühüm mərhələ təşkil edir.

Gülarə Əliyeva (1933-1991)
Görkəmli musiqiçi, G. Əliyeva 1966-cı ildə “Dan ulduzu” instrumental ansamblunu yaratmışdır. O, muğamlar əsasında yazılmış “Şüştər” repsodiyası, “Hümayun” süitası, “Şur” fantaziyası, “Bayatı-Şiraz” kimi əsərlərin müəllifidir.

Ərtoğrul Hüseyn Cavid oğlu (1919-1943)
Ə. Cavidin ilk böyük əsəri fortepiano üçün yazılmış “9 Lariasiya” dır (1941-42 Ü. Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941), roman və mahnılar bəstələmişdir. Böyük Vətən Müharibəsi başlayarkən “Sərhəddən məktub” simfonik balladası və marşlar yazmış, “Şeyx Sənan”, “Məshəti” operaları bir sıra kamera və intrumental əsərləri yarımçıq qalmışdır. 1941-42 – ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir.

Hacı Xanməmmədov (1918 - 2005)
Bəstəkar, dirijordur. O, 2 operettanın, instrumental konsertlərin, Xalq Çalğı Alətləri orkestrı üçün süitaların, mahnıların (“Arzuya bax sevgilim”, “Yadıma düşdü”, “Güllü”, “Ceyran”) və s. əsərlərin müəllifidir.

İsmayıl Hacıbəyov (1949)
İ. Hacıbəyov orkestr üçün “Konsertino”sunda, fortepiano üçün “Vatto ruhunda eskizlər”ində rokoko dövrünün zərif bəzəklərlə, xüsusi şəffaflıqla seçilən musiqi dünyasını məharətlə canlandıra bilmişdir. Hacıbəyovlar sülaləsinin nümayəndəsi olan bəstəkar, Üzeyir bəyin irsinə müraciət edərək milli klassikimizin “Cəngi” pyesi əsasında fortepiano və orkestr üçün rapsodiya yaradır. Ü. Hacıbəyovun natamam qalmış “Firuzə” operasını bitirmişdir. Bəstəkar Danimarka yazıçısı Hans Xristian Andersenin nağılları əsasında uşaqlar üçün yazdığı “Uşaq səhnələri”də diqqətə layiqdir.

Məşədi Cəmil Əmirov (1875-1928)
Tarzən, bəstəkar, musiqi xadimidir. O, 1912- ci ildə “Heyratı” muğamını nota salıb. Həmçinin “Seyfəl Mülk” muğam operasını (1915), “Namuslu qız” operettasını (1923) bəstələmişdir.

Müslüm Maqomayev (1885 - 1937)
Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndələrindən hesab olunan M. Maqomayev “Şah İsmayıl” və “Nərgiz” operalarının, mahnı-rapsodiya, rəqs, marş və fantaziyaların müəllifidir. 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salmışdır.

Məmməd Quliyev (1936 -2001)
M. Quliyev “Aldanmış ulduzlar” (M. F. Axundovun povesti əsasında) operasının, 7 simfoniyanın, instrumental konsertlərin, iri həcmli xor əsərlərinin, o cümlədən, “Dədə Qorqud diyarı” (F. Qocanın sözlərinə) kantatasının, “Şəbi-Hicran” (Füzulinin sözlərinə) lirik poemasının, kamera-instrumental əsərlərin müəllifidir.

Nazim Əliverdibəyov (1926 -1986)
N. Əliverdibəyov “Cırtdan” uşaq operasının, kamera-vokal və simfonik əsərlərin müəllifidir. “Bayatı-Şiraz” muğamı əsasında a kapella xoru üçün əsər yaratmış, sonradan onu orqan aləti üçün işləmişdir.

Niyazi Hacıbəyov-Tağızadə (1912 -1984)
Məşhur azərbaycanlı dirijoru və bəstəkarı Niyazi bir sıra simfonik əsərlərin “Rast” simfonik muğamının, “Xosrov və Şirin” operasının, “Çitra” baletinin, bir sıra vokal əsərlərin müəllifidir.

Nəriman Məmmədov (1927)
N. Məmmədov muğamları instrumental və vokal-instrumental şəkildə nota salmış və çap etmişdir. Nəşr olunan muğamları: “Azərbaycan muğamları Çahargah və Hümayun” (Bakı 1962), “Azərbaycan muğamları Bayatı-Şiraz və Şur” (Moskva 1962), “Azərbaycan muğamları Rast və Şahnaz” (Bakı 1963), “Azərbaycan muğamları Segah-Zabul və Rəhab” (Bakı, 1965), “Azərbaycan muğamı Çahargah” (Moskva 1970), “Azərbaycan muğamı Rast” (Moskva 1978).

Oqtay Zülfüqarov (1929)
O. Zülfüqarov «Əlibaba və 40 quldur» baletinin, solist, xor və xalq çalğı alətləri orkestri üçün «Azərbaycan gəncləri» odasının , 4 əl üçün piano variasiyalarının, piano üçün konsert pyesinin, piano üçün «Beşik mahnısı» pyesinin, fleyta və violonçel üçün pyes və s. müəllifidir.

Polad Bülbüloğlu (1945)
P. Bülbülğlu “Bayatı-Şiraz” muğamının mövzuları əsasında simfoniyanın (1980), “Eşq və ölüm” baletinin, simfonik poemanın, mahnıların, estrada üçün pyeslərin, vokal silsilələrin, tamaşalara, dram tamaşalarına və kinofilmlərə musiqinin müəllifidir.

Qara Qarayev (1918 -1982)
Q. Qarayev Azərbaycan musiqisinin klassiklərindən biridir. O, “Yeddi gözəl” (Nizaminin əsərləri əsasında), “İldırımlı yollarla” (Piter Abrahamsın əsəri əsasında, 1958) baletlərinin, “Vətən” operasının, “Zəriflik” mono-operasının (1973), “Çılğın Qaşkoniyalı” musiqili komediyasının (1972), üç simfoniyanın (1943, 1946, 1965), “Leyli və Məcnun” simfonik poemasının (1948), “Don Kixot” simfonik qravürünün (1960), çoxsaylı simfonik və kamera-instrumental əsərlərin müəllifidir. 1938-ci ildə tarzən Qurban Pirimovun ifasından “Şur” muğamını nota salmışdır.

Qəmbər Hüseynli (1916-1961)
Görkəmli Azərbaycan bəstəkarıdır. Simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların, o cümlədən dünyanın bir çox ölkəsində məşhur olan "Cücələrim" mahnısının müəllifidir.

Ramiz Mustafayev (1926 - 2008)
“Şirin”(1957), “Vaqif” (1960), “Polad” (1964), “Aydın” (1982) operalarının, bir neçə musiqili komediyanın, xor əsərlərinin, oratoriya və kontataların, mahnı və romansların müəllifidir.

Rafiq Babayev (1936 - 1994)
Azərbaycan cazının ustadı hesab olunur. Virtuoz pianoçu Azərbaycanda caz musiqisinin təşəkkülündə mühüm rol oynamışdır.

Rauf Hacıyev (1922-1995)
R. Hacıyev “Romeo mənim qonşumdur”, “Kuba, məhəbbətim mənim”, “Ana, mən evlənirəm”, “Yol ayrıcında” operettalarının, “Sevgilim” və Azərbaycan vokal musiqisinin digər incilərinin müəllifidir.

Rəhilə Həsənova (1951)
Müxtəlif janr və formaları geniş əhatə edən 3 simfoniyası "Dərviş", "Mərsiyə", "Səma", 3 simli kvarteti, fortepiano üçün "A la Meykhana" fantaziyası, orqan üçün "Qəsidə" simfoniyası, "Mahnılı nağıllar" uşaq operası, "Pirəbədil", böyük simfonik orkestr üçün "Gecə", orqan üçün "Səhra" fantaziyası, "Cavidi-dəstgah" xor operası, "Müğfil", "Zərrə", "Nüvə" adlı əsərləri ilə sənət aləmində dahi müəllimi Qara Qarayevin varisi olaraq Rəhilə Həsənova musiqidə öz tutarlı sözünü deyə bilmişdir.

Ramiz Mirişli (1934)
R. Mirişli “Qaçırılmış qız” (1982), “Gəl, qohum olaq” (1983) operettalarının, 3 simfonik poemanın, kamera, orkestr üçün simfoniyanın, tar və simfonik orkestr üçün konsertin, kamança üçün 3 konsertin, kantata və süitaların, bir çox dram əsərlərinə və kinofilmlərə musiqinin, mahnıların müəllifidir.

Səid Rüstəmov (1907 -1983)
S. Rüstəmov yaradıcılığında xalq mahnı və rəqslərindən bəhrələnmiş, özünəməxsus musiqi dili yaratmışdır. “Sürəyya”, “Alagöz”, “Qurban adına”, “Şeir deyilmi”, “Gəlmədin” və b. mahnıların müəllifidir. O, həmçinin müasir mövzuda yazılmış ilk musiqili komediyaların (“Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı”) müəllifidir. S. Rüstəmov Azərbaycan xalq mahnı və rəqslərini, aşıq havalarını toplayıb nota salmışdır.

Siyavuş Kərimi (1954)
S. Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida cənub şəhərim”, “Girov” və s. bədii filmlərə, 9 seriyadan ibarət “Heydər Əliyev” televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. “Hamlet” əsərinin musiqisinə görə “Qızıl Dərviş” mükafatına (2003) layiq görülmüşdür. O, “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir. “

Süleyman Ələsgərov (1924 - 2000)
Azərbaycan bəstəkarlıq məktəbinin klassiklərindəndir. 11 operettanın (“Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s), opera, kontata, simfoniya janrlarında yazılmış əsərlərin, o cümlədən, “Bayatı-Şiraz” simfonik muğamının (1950) müəllifidir. Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər - “Cəngi”, “Lirik pyeslər”, “Sözsüz mahnı”lar, tar və orkestr üçün konsert bəstələmişdir.

Şəfiqə Axundova (1924)
Ş. Axundova “Ev bizim, sirr bizim” (1965) operettasının, çoxsaylı mahnı və romansların müəllifi olmaqla yanaşı, “Gəlin qayası” operasını (1972, ilk tamaşası-1974) bəstələmişdir.

Tofiq Bakıxanov (1930)
T. Bakıxanov “Xəzər balladası” (1968), “Şərq poeması” (1976), “Xeyir və şər” (1990), birpərdəli baletlərinin, “Altı qızın biri pəri” (1964), “Məmmədəli kurorta gedir” (1969), “Qız görüşə tələsir” musiqili komediyalarının, müxtəlif alətlər üçün yazılmış 24 sonata, 26 konsert, vokal və instrumental əsərlərin müəllifidir. Tofiq Bakıxanov həmçinin, 5 simfonik muğamın müəllifidir: “Dügah”, “Hümayun”, “Nəva”, “Rahab”, “Şahnaz”.

Tofiq Quliyev (1917 - 2000)
T. Quliyev yüzlərlə mahnı, 5 operetta, valslar, fortepiano üçün prelüd və variasiyalar, filmlərə və dram tamaşalarına musiqi və s. yazmışdır. “Neftçilər mahnısı”, “Qızıl sünbül”, “Azərbaycan”, “Sənə də qalmaz”, “İlk bahar”, “Sevgilim”, “Sən mənim, mən sənin”, “Axşam görüşlərinə”, “Bəxtəvər oldum” və s. kimi klassik Azərbaycan musiqilərinin m müəllifidir. O, “Aktrisa” (1943), “Qızılaxtaranlar” (1963), “Sənin bircə sözün” (1967), “Tahirin süqutu” (1972), “Sabahın xeyir Ella!” (1973) operettalarının müəllifidir. T. Quliyev bir sıra Azərbaycan mahnı və rəqslərini də fortepiano üçün işləmişdir. “Rast” və “Zabul” muğamlarını (1936) ustad tarzən Mansur Mansurovun ifasında nota salmışdır. Bunlar muğamın ilk not nəşrləri kimi musiqi tarixinə daxil olub.

Üzeyir Hacıbəyov (1885 - 1948)
Azərbaycan professional musiqisinin və milli opersının banisi, Şərqdə ilk operanın yaradıcısı, SSRİ xalq artisti (1938), professor (1940), Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir (1945). “Leyli və Məcnun” operası (1908), “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid Banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) operalarının müəllifidir. Ü. Hacıbəyov Azərbaycan musiqili komediya janrının da yaradıcısı olmuşdur. “Ər və arvad” (1910), “O olmasın, bu olsun” (1911), “Arşın mal alan” (1913) musiqili komediyalarını yaratmışdır. O, Xalq Çalğı Alətləri orkestri üçün “Çahargah” və “Şur” fantaziyalarını, “Azərbaycan türk el nəğmələri”, kütləvi mahnılar, kantatalar və s. yazmışdır. 1937- ci il aprelin 30-da Ü. Hacıbəyov “Koroğlu” operası (librettosu H. İsmayılov və M. S. Ordubadinindir) tamaşaya qoyulmuşdur. 1940-cı illərdə Ü. Hacıbəyov vətənpərvər ruhlu mahnılar, “Sənsiz”, “Sevgili Canan” qəzəl romanslarını (Nizaminin sözlərinə) bəstələmişdir.

Vasif Adıgözəlov (1935 -2006) 
Bəstəkar 4 simfoniyanın, 2 operanın, 5 musiqili komediyanın, 6 instrumental konsertin, 4 oratoriyanın, 3 kontatanın, kamera-instrumental musiqisinin, kino və teatr musiqilərinin, romans və mahnıların müəllifidir. Vasif Adıgözəlovun yaradıcılıq irsində muğamdan bəhrələnərək yazdığı “Ölülər” və “Natəvan” operaları, “Qarabağ şikəstəsi” oratoriyası, “Segah muğam simfoniyası”, orqan üçün yazdığı “Muğam-fantaziya” xüsusi yer tutur.

Vaqif Mustafazadə (1940 - 1979)
V. Mustafazadə 1965-ci ildə Gürcüstan Filarmoniyasında “Qafqaz” caz triosunu yazmışdır. O, Azərbaycan Dövlət Estrada Orkestrının solist pianoçusu (1969-70) olmuş, “Leyli” adlı ilk qadın vokal kvartetinə (1970), “Sevil” vokal instrumental ansamblına (1971-1977) və “Muğam” instrumental ansamblına rəhbərlik etmişdir. O, “Tallin- 66”, “Tbilisi-78” Ümumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karlo VIII Beynəlxalq caz müsabiqəsində I yerə layiq görülmüşdür. Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının və s. əsərlərin müəllifidir.

Xəyyam Mirzəzadə (1935)
Yaradıcılığını əsasən instrumental janrlara yönəltmiş bəstəkar bir sıra simfoniyaların, “Oçerklər -63” simfonik əsərinin, orkestr süitalarının, kvartetlərin və digər kamera əsərlərin, sonataların müəllifidir. Bundan əlavə X. Mirzəzadə “Etiraf” vokal silsiləsi, estrada-simfonik orkestri üçün pyeslər, kino filmlərə musiqi yaratmışdır.

Zakir Bağırov (1916-1996)
Z. Bağırov Moskva Dövlət Konservatoriyasını bitirmişdir. “Aygün” operasını, “Kəndimizin mahnısı” və “Qayınana” operettalarını, fortepiano və orkestr üçün, tar və orkestr üçün konsertlər, çoxsaylı instrumental və vokal əsərlər bəstələmişdir. O, tarzən Mansur Mansurovun ifasından “Dügah” muğamını nota yazmışdır.

Zülfiqar Hacıbəyov (1884 - 1950)
Z. Hacıbəyov ilk Azərbaycan operalarından olan “Aşıq Qərib” (1915) əsərində muğamlara əsaslanmış, xalq musiqisi ilə Avropa musiqisini əlaqələndirməyə çalışmışdır. Öz librettolarına bəstələdiyi “Əlli yaşında cavan” (1909), “Varlı” (“On bir yaçında gəlin”, 1911), “Evliykən subay” (1911) kimi musiqili komediyaların müəllifidir.



Oxunub: 438453



Azərbaycan Televiziyaları
İnternet Radio