Baş səhifə    » MUSİQİ    » Musiqiçilər    » Musiqişünaslar   

Musiqişünaslar

  

Qürbəddin oğlu Mahmud ibn Məsud Şirazi (1236 - 1321)
Təbiətşünas alim, təbib, filosof, musiqiçi olub. Onun həcminə və elmi əhatə dairəsinə görə ən böyük əsərlərindən biri də “Ğürrət ət-tac” (“Tacın görkəmli yeri” və ya “Tacın mirvarisi”) traktatıdır. Bu əsərdə musiqiyə də böyük diqqət yetirilmiş, o dövrün ənənəsinə görə musiqi ilə bağlı məsələlər riyaziyyat bölməsində yer almışdır və “Musiqi haqqında elm” adlanır.

Ağalar Kərbəlayi Ələkbər oğlu Əliverdibəyov (1880 – 1953)
Gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.

Mir Möhsün Nəvvab (1833-1918)
Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı “Vüzuhül-ərqam” ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi “Kəşfül-həqiqəti-məsnəvi” əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab,Çahargah və Nəva. M. Möhsün Nəvvaqb Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirmşdir.

Xurşid Həsən qızı Ağayeva (1906 - 1953)
X. Ağayeva 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva İxtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid Ağayeva musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.

Elmira Əbdülhəmid qızı Abbasova (1932)
Onlarla məzun-musiqişünas, 8 sənətşünaslıq namizədi yetişdirmişdir. 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda «Ü.Hacıbəyovun opera və musiqili komediyaları» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1977-91-ci illər ərzində ADK rektoru vəzifəsində işləmişdir.

Gülnaz Abutalıb qızı Abdullazadə (1946)
G.Abdullazadə 1976-1979-cu illərdə M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin «Fəlsəfə» fakültəsinin «Estetika» kafedrasının aspirantı olmuşdur. Oranı bitirərək «Hegelin estetikasında musiqi sənəti problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-cı ildə «Qədim və orta əsrlərdə musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili» (Qərb-Şərq problemi kontekstində) mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini, 1992-ci ildə professor adını almışdır.
G.Abdullazadə 10 dissertant və 4 aspirantın elmi rəhbəridir.

Səadət Abutalıb qızı Abdullayeva (1940)
S. Abdullayeva «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının professorudur. O, «Azərbaycan xalq çalğı alətləri» (Bakı, 1972), «Müasir Azərbaycan xalq çalğı alətləri» (Bakı, 1894), «Azərbaycan instrumental musiqisi» (Moskva, 1990), «Azərbaycan xalq çalğı alətlərinin tarixşünaslığı» (Bakı, 1991), «Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirmə» (Bakı, 1996), «Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tətqiqat», Bakı, 2000) kitablarının müəllifidir.

Elxan Əlisəttar oğlu Babayev (1948-2003)
E. Babayev 1981-84-cü illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının dissertantı olmuşdur. 1985-ci ildə Moskva Dövlət Konservatoriyasında Azərbaycan dəstgahlarının ritmikası (elmi rəhbər sənətşünaslıq doktoru, professor V. N. Xolopova) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Fərəh Şirməmməd qızı Əliyeva (1961)
F. Əliyevanın elmi yaradıcılığı XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı proseslərinin öyrənilməsi problemləri ilə bağlıdır.
“Musiqi tariximizin səhifələri” (2003), “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007) əsərlərinin müəllifidir. “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə; 2005,2006) kitabının tərtibatçısıdır. Burada 1901-1920 illərdə Azərb. dövri mətbuatında dərc edilmiş Bakının musiqi həyatına, o cümlədən, Şərq konsertlərinə, Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş 500-dən artıq musiqi tənqidi, elmi-publisistik məqalə, resenziya, oçerk toplanmışdır.

Sevil Məmmədbağır qızı Fərhadova (1947)
S. Fərhadova elmi tədqiqatları Azərbərbaycan mərasim musiqisinin və muğam sənətində monodiya tipli musiqinin öyrənilməsi ilə bağlıdır. “Azərbaycan mərasim musiqisi” (1990), “Muqa - monodiya təfəkkür tərzi kimi” (2001) monoqrafiyalarının müəllifidir.

Bayram Xəlil oğlu Hüseynli (1923 - 1992)
B. Hüseynli xalq musiqi nümunələrinin toplanması, sənədləşdirilməsi, yazıya alınması sahəsində mühüm xidmətləri olmuşdur. O, 1980-ci ildən Beynəlxalq folklor festivalları Sovet Komitəsinin YUNESKO tərəfindən təsdiq edilmiş fəxri üzvü olmuşdur. Elmi yaradıcılığında xalq rəqs musiqisinin araşdırılmasına böyük diqqət yetirmiş, yallı, halay kimi rəqs janrlarına aid nümunələri toplayaraq, sistemləşdirmiş, xalq rəqslərinin təsnifatını vermişdir.

Ağa Əhməd İsa oğlu İsazadə (1928 - 2007)
A. İsazadə alimlik elmi maraqları dairəsində son 20 il ərzində Azərbaycan musiqi folklorunun sistematik toplanması, nəşri və tarixi, xronoloji ardıcıllıqla Azərbaycan xalq musiqisinə aid olan monoqrafiya və biblioqrafik materialların aşkar olunmasıdır.

Rəna Azər qızı Məmmədova (1950)
R. Məmmədova musiqişünaslıqda yeni istiqamət olan musiqi türkologiyasının əsasını qoymuşdur. 100-dən artıq elmi əsərləri - monoqrafiya, kitab və məqalələri çap olunmuşdur; o cümlədən, “Muğam-sonata qovşağı”(1989), “Azərbaycan muğamlarının estetik xüsusiyyətləri” (.1987), “Azərbaycan muğamlarının funksional problemləri” (1989), “Azərbaycan muğamı” (2002) əsərlərində muğam sənətinin estetik və nəzəri məsələləri öyrənilmişdir.

Zemfira Yusif qızı Səfərova (1937)
Z. Səfərova tədqiqatları qədim və orta əsrlər Azərbaycan musiqisinə, o cümlədən, Səfiəddin Urməvi, Əbdülqadir Marağı, eləcə də Mir Möhsün Nəvvab, Ü.Hacıbəyli və b.-nın yaradıcılığına həsr edilmişdir. "Azərbaycanın musiqi elmi", "Dədə Qorqudun musiqi dünyası" və s. kitabların müəllifidir. Bir sıra beynəlxalq elmi simpozium və konqreslərdə çıxış etmişdir.

Firudin Şuşinski (Firudin Məhəmməd oğlu Həsənovun təxəllüsü; 1925- 1997)
Görkəmli musiqişünas, muğamşünas kimi tanınmışdır. Körpəliyindən evlərində musiqi səsi eşidən, ustad sənətkarları böyük həvəslə dinləyən Firidun bəyin musiqiyə məhəbbəti daha da artırdı. Cabbar Qaryağdı sənətinin vurğunu olan F.Şuşinski sonralar muğam ustaları haqqında neçə-neçə məqalə və kitablar nəşr etdirmişdir.

Ramiz Fərzulla oğlu Zöhrabov (1939)
R. Zöhrabov uzun illərdir ki, musiqinin tarixi və nəzəri problemləri ilə məşğul olur.
Elmi, elmi-kütləvi, publisistik əsərlərin, o cümlədən 16 kitab və dərsliklərin, 300-dən artıq elmi, elmi-publisistik məqalənin müəllifidir. Əsas əsərləri: «Azərbaycan təsnifləri» (Moskva, 1983; Təbriz, 1991); «Azərbaycan zərbi-muğamları» (Bakı, 1986); «Muğam» (Bakı, 1991); «Azərbaycan muğamının nəzəri problemləri» (Bakı, 1992) «Cahargah muğamının nəzəri əsasları» (Bakı, 2000) və b.



Oxunub: 289936