Baş səhifə    » İDMAN    » Voleybol   

Voleybol

  



Voleybol — ortadan bir filə ilə ayrılmış olan düzbucaqlı sahədə, topun dəyişik vuruş növləriylə qarşıya keçirilməsiylə oynanan olimpik oyundur.
Azərbaycanda voleybol hələ ötən əsrin ortalarından sevimli idman növünə çevrilmişdir. Ölkədə voleybolun yaranması 1926-cı ilə təsadüf edir. “Dəmiryolçular” klubunda, sonra isə «Neftçi» cəmiyyətində ilk voleybol məşqləri başlanmışdır. 1927-ci ildə «Dinamo» və «Kommunalnik» cəmiyyətlərində voleybol bölmələri açılıb. Bakı voleybolu 1932-ci ildən etibarən daha yaxşı inkişaf etməyə başlayıb. Şəhərin ilk birinciliyi məhz o vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanıblar.
M.Lyoqonki, M.Pererva, O.Rusanov, V.Simakov, N.Yurasov, L.Vasilyev, A.Fomina, Q və M. Urbanoviçlər, M.Sluçenkova, V.Savkina, Q.Qaneker Bakı voleybol komandalarının üzvləridir.
1928-ci ildə Moskvada SSRİ xalqlarının I spartakiadasından sonra A.Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənib hazırlanmış və təsdiq edilmişdir.
1932-ci ildə Bakıda ilk dəfə olaraq yeni qaydalarla şəhər birinciliyi keçirilmişdir. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları bu yarışlarda qalib gələrək Ümumittifaq oyunlarda iştirak etmək hüququ qazanıblar. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma komanda 2-ci, kişilərdən ibarət komanda isə 4-cü yeri tutmuşdur.
Üçüncü Ümumittifaq voleybol bayramı 1935-ci ildə Azərbaycan paytaxtında keçirilmişdir. Hər iki komanda 3-cü yeri tutmuşdur. 50-ci illərin ortalarında təcrübəli məşqçilər Ş.Şamxalov, O.Kiblitski və başqalarının başçılıq etdikləri komandalarda çoxlu sayda təcrübəli oyunçular yetişmişdir.
Anatoli Makaqonov, Roman Eydelman, Nəsən Ələkbərov, Yaşar Abbasov, Oqtay Ağayev, Xəyyam Zülfüqarov, Feliks Məmmədov, Telman Səfərov, Gennadi Rudnov, Ramiz Xismətov, qadınlardan Nelli Lukanina, Tamara Tixonina, Olimpiada Tişşenko Bakı voleybolunun yetişdirmələridir. Onların çoxu ölkə yığma komandasına dəvət edilib, Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış etmişdilər. 
1955-ci ildə Azərbaycanın qadınlardan ibarət voleybol komandası uğurla çıxış edərək yüksək liqada oynamaq hüququ qazanmışdır.
Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957-ci il sayılır. Həmin il Zaqafqaziyanın VIII spartakiadasında respublikamızın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yeri tutmuşdur.
1957-ci ildə isə Böyük Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş kubok yarışlarında kişilərdən ibarət komandamız bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutmuşdur.
1960-cı ildə Azərbaycan voleybolunda İnna Rıskal parlamağa başlayıb. O, gözəl və yaddaqalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. 1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən İnna Rıskal qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən «Gənc oyunçuların ən güclüsü» üçün təsis edilmiş mükafata yiyələnmişdir. Təsadüfü deyil ki, İ.Rıskal və L.Buldakova sovet voleybolçuları arasında Olimpiya oyunlarının 2 qızıl və 1 gümüş medallarına yiyələnmiş yeganə nümayəndələridir.
İnna Rıskalın məşqçisi Şamil Şamxalov olmuşdur. Şamil Şamxalov 35 yaşında ikən respublikanın ustalardan ibarət qadın komandasına baş məşqçi təyin edilmişdir. Onun başçılıq etdiyi «Məhsul» komandası isə 1961-ci ildə yüksək liqaya vəsiqə qazanmışdır. SSRİ çempionatının yüksək liqasında oynayan bu komanda 12 il (1961-73) bu liqada dəfələrlə yüksək yerlər tutmuşdur.
1965-ci il qadınlardan ibarət komanda üçün dönüş ili olmuşdur. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komanda Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutmuş, kişilərdən ibarət komanda isə 3-cü yeri tutmuşdur.
1988-ci ildə Faiq Qarayevin rəhbərliyi altında BMKZ («Neftçi») voleybolçuları birinci dəstənin ən yaxşı komandaları arasında yarışların başa çatmasına bir tur qalmış qalib adını qazanmış və gələn mövsümdən etibarən güclülər dəstəsində çıxış etmək hüququ əldə etmişlər.
1991-ci ildə keçirilmiş ölkə kuboku yarışları SSRİ məkanında sonuncu idi. Xoş bir təsadüfdür ki, məhz BMKZ voleybolçuları həmin kubokun sonuncu sahibi olublar və Azərbaycan voleybolu tarixində ilk dəfə olaraq belə bir fəxri kürsüyə yüksəliblər.
Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başlamışdır.
1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV) 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olmuşdur.
2000-ci ildə Faiq Qarayev qadınlardan ibarət milli yığma komandaya və «Azərreyl» voleybol klubuna baş məşqçi təyin olunmuşdur. 2002-ci ildə «Azərreyl» Voleybol Klubu Avropa «Top Komandalar» kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda olmuşdur.
2004-cü ildə isə «Azərreyl» Voleybol Klubu Avropa Çempionlar Liqasının «Dördlər Finalı»nda iştirak edib. Bununla yanaşı, qadınlardan ibarət milli yığma komanda da qitə və dünya birinciliklərində ölkəmizi layiqincə təmsil etmişdir.
Milli komanda 2005-ci ildə Avropa «Qran-Pri» turnirinin qalibi olmuş və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutmuşdur.
Beynəlxalq yarışlarla yanaşı, Federasiya Ölkə Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparılıb. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilmişdir. Bu müddət ərzində ölkədə uşaq voleybolunun inkişafına da qayğı göstərilib və Liqalarda iştirak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.
Həmçinin ölkəni Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır.
Azərbaycan voleybolunun ən əlamətdar hadisələrindən biri də 2011-ci ilin 14 oktyabrında olmuşdur. Qətərin paytaxtı Dohada qadın voleybolçulardan ibarət klublar arasında təşkil olunan dünya çempionatının final mərhələsində Azərbaycanın “Rabitə” komandası bütün setlərdə Türkiyənin “Vakıfbank” klubuna qalib gələrək (3:0 (25:15, 25:18, 25:9)) dünya çempionu adını qazanmışdır. 
Üçüncü yer uğrunda keçirilən oyunda isə finalçıların məğlub etdikləri Braziliyanın “Osasco” və Dominikan Respublikasının “Mirador” komandası üz-üzə gəlmiş və braziliyalılar 3:0 hesablı qələbə ilə dünya üçüncüsü olmuşlar.



Oxunub: 610918



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on