Baş səhifə    » NƏQLİYYAT    » Bakı - Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi   

Bakı - Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

  


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır. Bundan başqa, sistem ictimai nəqliyyatda vahid ödəniş kartlarının tətbiqini nəzərdə tutur. Sistem dünyanın səkkiz ölkəsində var, ancaq həmin ölkələrin bir və iki şəhərini əhatə edir.
Yeni sistemin Bakıda icrasına 2008-ci ildə (layihənin icrasını Koreya Respublikasının “SK C&C” şirkəti həyata keçirir) başlanmışdır.  
İdarəetmə Mərkəzində əldə olunacaq bütün məlumatların canlı yayımla televiziya və radio kanallarına ötürülməsi mümkün olan televiziya və radio studiyası da yaradılmışdır ki, bununla da, konfrans və təlim zallarında mərkəzin fəaliyyətini canlı izləmək mümkündür. Mərkəzdə 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük – 120 kvadratmetr sahəsi olan monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür. Bundan əlavə, Daxili İşlər Nazirliyinin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.
Üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin birinci mərhələsi Bakının əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kv km sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcəkdir. 
Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması yekunlaşmış, 20 dekabr 2011-ci ildə mərkəzin açılışı olmuşdur.



Oxunub: 560948