Baş səhifə
» NƏQLİYYAT
» Tarixi “İpək Yolu” və TRASEKA
Tarixi “İpək Yolu” və TRASEKAAzərbaycan bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, Tarixi İpək Yolunun (İY) bərpa olunması sahəsində – TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir. Azərbaycan Respublikası 1993-cü ilin may ayında Brüssel şəhərində keçirilmiş Konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri olmuşdur (Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə). Konfransın işində nəqliyyat və ticarət regional sistemlərində mövcud olan problemlər və nöqsanlar müəyyənləşdirilmiş və müzakirə edilmişdir. Konfransın yekunlarına əsasən, TRASEKA regionlararası Proqramının fəaliyyətinin əsaslarını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Respublikasının TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Belə ki, keçən dövr ərzində TRASEKA Proqramı çərçivəsində “Nəqliyyatın idarə edilməsinin treyninqi”, “Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi”, “TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi”, “Sərhəd-keçid proseduraların sadılışdirilməsi”, “Qafqaz dəmir yollarınının bərpası” və onlarla digər texniki yardım və investisiya layihələri həyata keçirilmişdir. 7 – 8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq Konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Saziş 12 dövlətin – Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınmış və 2001-ci ilin 21 fevral tarixində TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin rəsmi açılışı baş tutmuşdur. Keçən dövrdə Respublikada TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə xeyli işlər görülmüşdür. Bakı şəhərində ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) bərə terminalında yenidənqurma işləri yekunlaşdırılmışdır. TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi bu gün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafının təmin edilməsi nə qədər tez mümkün olsa, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Avropa ilə inteqrasiyası bir o qədər sürətli olacaqdır.
|