Baş səhifə
» NƏQLİYYAT
» Su nəqliyyatı
Su nəqliyyatıSu nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Azərbaycanın bütün dəniz yollarının başladığı Bakı – Xəzərin ən iri limanıdır. Bakıdan Həştərxana, Mahaçqalaya, Mərkəzi Asiyaya, Iranın Ənzəli limanına üzmək olar. Azərbaycan Xəzər dənizi → Volqa çayı → Volqa — Don kanalı → Don çayı → Azov dənizi vasitəsi ilə dünya okeanına çıxa bilər. Azərbaycan gəmiləri Volqa-Don kanalından başqa Volqa-Baltik və Baltik-Ağ dəniz kanalları ilə də dünya okeanına çıxa bilər. Bakı-Türkmənbaşı, Bakı-Aktau və Bakı-Bekdaş arasında işləyən dəmiryol bərə keçidi 11 saata iki sahil arasında əlaqə yaradır. Xəzərdə tankerlər vasitəsi ilə neft də daşınır. Qışda Xəzərin şimalı donduğundan Bakı-Həştərxan yolunda hərəkət kəsilir. Bu zaman bu xətt üzrə işləyən gəmilərin çoxu Qara və Aralıq dənizlərində yerləşən limanlara yük daşımaqla Azərbaycan büdcəsinə xeyli valyuta gətirirlər. Azərbaycanın su nəqliyyatında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDC) və Bakı Dəniz Ticarət Limanı (BTTL) xüsusi rol oynayır. Xəzər Dəniz Gəmiçiliyinin (XDG) rəsmi yaranma tarixi 1858-ci il may ayının 21-i sayılır. Məhz bu tarixdə Rusiya senatının fərmanı ilə «Qafqaz və Merkuri» Səhmdar Dənizçilik Cəmiyyəti yaradılmışdır. Xəzər Dəniz Gəmiçiliyi (XDG) 1992-ci ilə qədər SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri idi. SSRİ dağıldıqdan sonra 15 Sovet Respublikalarından 7-si SSRİ dəniz donanmasına varis oldu. Xəzərdə bu varislik ancaq Azərbaycana qismət oldu. Nəqliyyat donanması 71 nəqliyyat gəmisindən və 1 ədəd sudaşıyan gəmidən ibarətdir. Bunlardan 36-sı maye yükdaşıyan gəmilər-tankerlərdir, 7 ədədi gəmi-bərələr, 2 ədədi RO-RO tipli universal gəmi, 26 ədədi quru yükdaşıyan gəmilər olmaqla ümumi dedveyd 375 min tondur. Nəqliyyat donanmasına 23 quru yükdaşıyan gəmisi Qara və Aralıq dənizlərində taym-çarter müqaviləsi əsasında kommersiya reysləri icra edir, qalan gəmilər Xəzər hövzəsində istismar olunur. Gəmiçilik Xəzərdə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayır. Transxəzər istiqamətində yüklərin daşınması üçün hazırda dəmir yol vaqonları, avtomaşınlar və sərnişin daşıyan gəmi-bərələrindən və tankerlərdən istifadə olunur. Xəzər Dəniz Gəmiçiliyinin (XDG) tanker donanması Xəzərdə ən güclüdür. Avroasiya dəhlizi Çinin Lyanyunqan limanından başlayaraq Avstriyanın paytaxtı Vena şəhərinədək uzanır. Bu təxminən 11-12 min km məsifədir. Yüklər müxtəlif növ nəqliyyat vasitələri ilə fərqli qanunvericiliklərə, gömrük və sərhəd prosedurlarına malik olan bir çox ölkələrdən keçirilməklə daşınır. Avroasiya dəhlizi Xəzər Dəniz Gəmiçiliyi üçün Xəzərdə əsas yük bazasıdır. Daşınmalar Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə Aktau-Abşeron, Alaca-Abşeron, Alaca-Bakı, Okarem-Abşeron, Okarem-Bakı, Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutları üzrə icra edilir. Bakı Dəniz Ticarət Limanı 1902-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının (BBDTL) əsası qoyulmuşdur. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci il yanvar ayının 1-dən etibarən Liman Xəzər Dəniz Gəmiçiliyinin (LXDG) strukturundan çıxaraq müstəqil müəssisə olmuşdur. Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Liman 5 terminaldan ibarətdir: 1. Əsas yük terminalı; 2. Konteyner terminalı; 3. Bərə terminalı; 4. Dübəndi neft terminalı; 5. Sərnişin terminalı Əsas yük terminalı ümumi uzunluğu 858 m-ə bərabər olan 7 körpüdən ibarətdir. Bu körpülərdən biri xüsusi olaraq «Ro-Ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulub. Körpüdə suyun dərinliyi 7 metrə bərabərdir. Texniki bazasında yük qaldırma qabiliyyəti 5 tondan 40 tona kimi olan 16 portal kranları, 1,5 tondan 10 tona kimi müxtəlif növ avtoyükləyiciləri, 100 ədəd roltreylerlər və «Sisu» markalı dartıcı traktorları vardır. Terminalda əsasən dənə-ədəd, qalaq və səpkili, meşə, avtotexnika və konteyner kimi yüklər aşırılır. Terminal ildə 2 mln ton yük aşırma gücünə malikdir. Gün ərzində eyni zamanda 3 gəmi, 150-ə yaxın vaqon və 100 avtomaşın qəbul edib, yük aşırma işləri aparıla bilər. Terminalın dəmir yolu xətlərinin ümumi uzunluğu 8 km-dir. Manevr işləri üçün 4 ədəd teplovozu, lokomotiv briqadası, deposu, dəmir yolu və avtomaşın tərəziləri vardır. Terminalın 24000 m² olan açıq anbarı və ümumi sahəsi 10000 m² olan 5 ədəd bağlı anbarları vardır. Konteyner terminalı ildə 15000 ədəd konteyner qəbul etmək gücünə malikdir. Terminalda konrteynerləri və onların içərisindəki yükləri işləmək üçün sahəsi 1250 m² olan bağlı anbarı və sahəsi 1600 m² olan konteyner meydançası vardır. Konteyner əməliyyatlarına nəzarət məqsədi ilə təhvil-təslim məntəqəsində xüsusi proqramlaşdırılmış kompüter sistemi quraşdırılmışdır. Terminalda bütün əməliyyatlar 2 ədəd müasir «Kalmar» tipli konteyner avtoyükləyici, 2 ədəd «Terberq» tipli dartıcı, 6 ədəd konteyner qoşqusu və hər birinin yük qaldırma qabiliyyəti 2,5 T 3 ədəd «Hayster» tipli avtoyükləyicilər vasitəsilə həyata keçirilir. Bərə terminalı hər birinin uzunluğu 87 metrə bərabər olan 2 qaldırıcı körpüyə malikdkir. Körpülərin yanında suyun dərinliyi 8-10 metrə bərabərdir. Bərə hər reys üçün 28 vaqon və ya 45 treyler yük maşını, 202 nəfər sərnişin və 50 ədəd minik maşını götürə bilər. Terminal ildə 8 milyon ton yük aşırma gücünə malikdir. Neft terminalı ümumi uzunluğu 582 metr olan 4 körpüyə malikdir. Onlardan ikisi istismardadır. Eyni zamanda 5000 tondan 12000 tona qədər ağırlıqda 4 tankerə xidmət göstərilə bilər. Körpülərin yanında suyun dərinliyi 9,6 metrdir. Neft terminalı ildə 10 milyon ton yükaşırma gücünə malikdir. Gəmilərin hərəkətini idarə etmə xidməti (GHİX) terminalda yerləşir. 600 və 1600 a.g.-də iki yedəkçi gəmi gəmilərin təhlükəsiz yanalmalarını təmin edir. Sərnişin terminalında uzunluğu 130 metr olan körpü vardır. Terminalda gəzinti gəmiləri Bakı əhalisi və şəhərimizin qonaqlarına xidmət edir. Dövlət Neft Şirkətinin işçiləri (DNŞ) Xəzərin dəniz yataqlarına sərnişin terminalından yola düşürlər. Bakı Dəniz Limanında həmçinin Liman Donanması fəaliyyət göstərir. Donanmaya 20 gəmi daxildir. Burlar aşağıdakılardır: yedəkçi gəmilər, neft tullantılarını yığan gəmilər, yanğınsöndürən gəmilər, losman kateri, çirkab və fekal sular qəbul edən gəmilər, reyd kateri, kran gəmisi, gəzinti gəmiləri, yanacaq dolduran gəmisi. Bakı Dəniz Vağzalı
Bu vağzalın binasının əsası 1970-ci ildə qoyulmuşdur. Hazırda yenidən təmirdən çıxmış vağzaldan Qazaxıstan, Türkmənistan və Rusiyaya gəmi-bərələr işləyir, iki gəmi isə Neft daşlarına reyslər həyata keçirir. Vağzalda 120 nəfərlik ziyafət, 400 yerlik konfrans salonları, qonaq və digər xidmət otaqları fəaliyyət göstərir.
|