Baş səhifə    » NƏQLİYYAT    » Boru-kəmər nəqliyyatı   

Boru-kəmər nəqliyyatı

  

Neft və təbii qazla əlaqədar olaraq Azərbaycanda boru kəməri nəqliyyatı xeyli inkişaf etmişdir.
Neftin istər respublika daxilində, istərsə də xaricə səmərəli yollarla daşınması boru kəməri nəqliyyatının bütün illərdə inkişaf etdirilməsini tələb edir. Respublikada neftin hasilatı ilə əlaqədar olaraq ilk dəfə neft kəməri Abşeron rayonu ərazisində formalaşmışdır. Neft kəmərinin ümumi uzunluğu 1500 km-dən çoxdur. Neft boru kəmərinin 80 %-i Abşeron iqtisadi rayonu ərazisində cəmlənmişdir. Mühüm respublika daxili neft kəmərləri Şirvan (keçmiş Əli Bayramlı)-Bakı (130 km), Şirvan (keçmiş Əli Bayramlı)-Daşgil (40 km), Dübəndi-Böyük Şor (40 km), Dübəndi-Keşlə (40 km), Dübəndi-Suraxanı-Böyük Şor (40 km), Daşgil-Sanqaçal-Keşlə (90 km), Buzovna-Sabunçu (20 km), Binəqədi-Keşlə (8 km) hesab edilir və müxtələf ölçülü diametrlərdə fəaliyyət göstərir. Hələ XX əsrin əvvəllərində Bakı ilə Batumi şəhəri arasında 800 km uzunluğunda olan neft kəməri istifadəyə verilmişdir.
Boru kəməri nəqliyyatının inkişafının ikinci mərhələsi respublika ərazisində qaz hasilatı ilə əlaqədar olaraq formalaşmağa başlayır. Ümumiyyətlə, təbii qazın istehsalı ilə əlaqədar olaraq boru kəməri nəqliyyatının inkişafını dörd mərhələyə ayırmaq olar:
Birinci mərhələ Abşeron yarımadasında qaz yataqlarının yeni aşkar olunması ilə əlaqədar olaraq yeni qaz kəmərlərinin çəkilməsi kimi xarakterizə edilir.
İkinci mərhələ isə Abşeron yarımadası daxil edilməklə Kür-Araz rayonları ərazisində (Şirvan rayonu) aşkar edilmiş qaz yataqlarının istismara verilməsi ilə əlaqədar yeni boru kəmərinin inkişaf etdirilməsi.
Üçüncü mərhələ Azərbaycanın rayonlarının qazlaşdırılması ilə əlaqədar olaraq köhnə boru kəmərlərinin təkmilləşdirilməsi və yeni qaz kəmərlərinin çəkilməsi mərhələsi kimi xarakterizə olunur.
Dördüncü mərhələ beynəlxalq xarakterli boru kəmərinin çəkilməsi ilə səciyyələnir.
Birinci mərhələ 1950-60-cı illəri; ikinci 1960-1970-ci illəri; üçüncü 1970-1985-ci illəri; dördüncü mərhələ 1985-2000-ci illəri əhatə cdir. Ümumi qaz boru kəmərlərinin çəkilməsinin təhlili göstərir ki, respublika üzrə qaz kəmərlərinin 15,2 % - birinci, 33,8 % - ikinci, 35,7 % - üçüncü, 15,3 % - dördüncü mərhələyə aid edilir.
Abşeron iqtisadi rayonu üzrə boru kəməri nəqliyyatı istər tarixiliyinə görə, istərsə də daha çox mərkəzləşməsinə görə respublikanın digər bölgələrindən fərqlənir. Burada respublika üzrə ümumi qaz kəmərinin 14 %- i cəmlənmişdir. Eyni zamanda mühüm qaz kəmərlərinin çəkilişi bu iqtisadi rayondan başlamışdır. 1931-ci ildə istifadəyə verilmiş Kotli DRS ilə Orcanikidze stansiyasının arasında uzunluğu 12,6 km və diametri 400 mm olan boru kəməri çəkilib istifadəyə verilmişdir.
Xəzər dənizinin Azərbaycan bölməsində çıxarılması nəzərdə tutulmuş neftin dünya bazarına çıxarılması üçün 1995-ci il oktyabrın 19-da iki neft kəməri marşrutu müəyyən edilmişdir.
Onlardan birincisi Şimal marşrutu adlanır. Bakı-Qroznı-Tixoretsk-Novorossiysk (BQTN) neft kəməri xəttinin ümumi uzunluğu 1346 km, o cümlədən Azərbaycanda 230 km-dir. 1997-ci il oktyabrın 25-də bu neft kəməri ilə ilk neft yola salınmışdır.
İkinci neft kəməri Qərb marşrutudur. Uzunluğu 920 km olan bu xəttin 480 km-i Azərbaycan ərazisindən keçir. Bu xətt 1999-cu il aprelin 17-də istifadəyə verilmişdir. Bakı-Supsa kəməri adlanan bu kəmər vasitəsilə Qərb ölkələrinə ildə 15 mln ton neft göndərilir.
Eyni zamanda Bakı-Tbilisi-Ceyhan (BTC) nefti boru kəmərinin istifadəyə verilməsi Azərbaycan neftinin 2006-cı ildən dünya bazarına çıxarılması üçün zəmin yaratmışdır. Bu kəmər vasitəsi ilə ildə 50 mln ton neft dünya bazarına çıxarılır.
Respublika ərazisində ümumi magistral boru kəməri nəqliyyatının uzunluğu 4,6 min km təşkil edir.



Oxunub: 104126