Baş səhifə    » MUSİQİ    » Azərbaycanın səs yazı nümunələri   

Azərbaycanın səs yazı nümunələri

  


Azərbaycanda səsyazma
Azərbaycanda səsyazma tarixinin başlanğıcı 1901-ci ildə Bakıda Rus İmperator Musiqi Cəmiyyəti yerli şöbəsinin açılışı ilə bağlıdır. 
Şərq tarixində ilk dəfə səsini qrammafon valına yazdıran dahi Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, ilk müşayiətçi isə görkəmli tarzən Qurban Pirimov olmuşdur. 

Səs yazı nümunələri
C.Qaryağdıoğlu ilə yanaşı, valları buraxılan digər görkəmli sənətkarlar Şəkili Ələskər Abdullayev, Mirseyid Mirbabayev, İslam Abdullayev, Məcid Behbudov, Məşədi Məhəmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski və başqaları olmuşdur. Buraya Azərbaycan teatrının tanınmış aktyorlarının səs yazılarını da əlavə etmək olar.
1913-cü ildə Bakıda qrammofon hazırlayan səhmdar cəmiyyətlərinin say artımı ilə yanaşı, fəaliyyətləri də genişlənməyə başlamışdır. Tezliklə ingilis “Qrammofon” və fransız “Pate” firmalarının ayrıca Bakı şöbələri açılmışdır. 
Hətta Azərbaycan musiqi mədəniyyətinin vallara yazılması və yayımı işində o zaman birinciliyə yiyələnmiş “Sport-Record” firmasının emblemində tar, kamança və dəf təsvir olunmuşdu. 
1916-cı ildə “Ekstrafon” firmasının Kiyev şöbəsi ilk Azərbaycan operasının - Ü.Hacıbəyovun “Leyli və Məcnun”unu qrammofona yazsa da, həmin vallar bizim dövrə gəlib çatmamışdır.
1932-ci ildə Dövlət Opera və Balet teatrının solisti Bülbül Azərbaycan Dövlət Konservatoriyasında elmi araşdırmalar kabinəsi yaratmaq işinə başlamışdır. Qafqazda ilk elmi araşdırmalar qurumu qarşısında Azərbaycan xalq melodiyalarının toplanması, öyrənilməsi və yayımlanması kimi başlıca məqsədlər qoyulmuşdu. Onun işində V.Pasxalov, A.Belyayev, Üzeyir Hacıbəyov, Niyazi, Səid Rüstəmov, Qara Qarayev, Cövdət Hacıyev və s. yaxından iştirak etmişlər. Dağlıq Qarabağa ilk folklor ekspedisiyası zamanı fonovaliklərə 150-dən çox xalq mahnısı yazılmışdı. Bu zaman kabinə iki fonoqraf, diktofon və 200 mum valikdən faydalanmışdı.
1932-1939-cu illərdə Gəncə - Şəmkir və Şəki - Zaqatala bölgələrinə, eləcə də Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə (Dilican, Basarkeçər, Borçalı, Sandar) ekspedisiyalar təşkil edilmişdir. Həmin illərdə Noginsk zavodu aşıqlardan Aşıq Mirzə (Bayramovun), Aşıq Əsəd (Rzayevin), Aşıq Islam (Yusifov), Aşıq Qara (Movlayev) və Aşıq Teymurun (Huseynov) ifalarını vallara köçürmüşlər. Ü.Hacıbəyovun “Koroğlu”, M.Maqomayevin “Nərgiz” və R.Qlierin “Şahsənəm” operalarından ariyalar da 1940-cı illərdə buraxılan vallarda öz əksini tapmışdır.
Azərbaycanda Dövlət Səs Yazıları Arxivinin yaradılması 1968-ci ilə təsadüf edir. Ölkənin ictimai-siyasi, tarixi, elmi və mədəni həyatını özündə əks etdirən bədii və sənədli fono-video materialları, həmçinin səs və video yazılarının toplanaraq mühafizə edilməsində arxivin əhəmiyyəti olmuşdur. Səs irsimizin qorunub saxlandığı yer olan  Azərbaycan Dövlət Səs Yazıları Arxivi MDB məkanında Rusiyadan sonra bu istiqamətdə fəaliyyət göstərən ikinci belə müəssisədir. Arxivdə tanınmış şəxsiyyətlər, həmçinin görkəmli sənət adamları, xanəndələrlə bağlı qiymətli materiallar qorunub saxlanılır. Bundan başqa, Arxiv qədim səs yazılarının bərpasını da həyata keçirir. 1900-1914-cü illərə aid Azərbaycan klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılır. Hazırda arxivdə 70 min fonosənəd, 4 mindən artıq videoyazı mühafizə edilir.
Dövlət Səs Yazıları Arxivi hal-hazırda Böyük Britaniyanın Kral kitabxanasının elmi-tədqiqat mərkəzi ilə əməkdaşlıq edir. İndiyədək 50-yə qədər Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında həmin kitabxanaya göndərilib.



Oxunub: 72907