Baş səhifə
» MUSİQİ
» Klassik musiqi
Klassik musiqi haqqındaAzərbaycan klassik musiqisinin yaranması Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir. 30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov “Alagöz”, “Qurban adına”, “Gəlmədin”, “Sürəyya”, “Oxu tar” və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış “Sənə də qalmaz”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bakı haqqında mahnı”, “Zübeydə” və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.
|