Baş səhifə    » MUSİQİ    » Caz   

Caz

  


Caz musiqisi

Caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi.
Böyük Vətən Müharibəsi qurtarandan sonra “Dövlət cazı”nın rəhbəri Rauf Hacıyev olmuşdu. Amma 1950-60-cı illərdə Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.

Bakıda caz mərkəzi
1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu, cazmen Pərviz Rüstəmbəyov olmuşdur. "Sovet Benni Qudmeni" adlandırılan P. Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaratmışdır. 
Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. “Qaya”, Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır.
Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstatda -Tbilisi Dövlət Filarmoniyasında (TDF) “Qafqaz” caz-triosunu təşkil etmişdir. O, ilk “Leyli” qadın kvartetini təşkil edib, “Sevil” vokal-instrumental ansamblı və “Muğam” instrumental ansamblına rəhbərlik etmişdir.
Vaqif Mustafazadə Şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edirdi. İmprovizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilmişdi. Vaqif Mustafazadə bunu çox gözəl dərk edirdi və 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaratmışdır.

Azərbaycan cazı bu gün
Azərbaycan cazı unudulmamış əfsanədir. Milli cazın görkəmli nümayəndələrindən Salman Qəmbərov, Rain Sultanovu, Əzizə Mustafazadə, Şahin Növrəsli və s.-nin adlarını çəkmək olar.
Salman Qəmbərovun Bakıda yaratdığı “Bakustik caz” mərkəzi Gürcüstanda, Rusiyada Almaniyada, İngiltərədə keçirilmiş festival və müsabiələrdə həmişə rəğbətlə qarşılanmışdır.
Rain Sultanovun 1996-cı ldə yaratdığı “Syundicate” qrupu dünyanın ən məşhur caz qruplarından biri olmuşdur. 
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik alan Əzizə Mustafazadə ilk albomunu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxarmışdır. İkinci albomu Always (Həmişə) ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırmışdır. Ə. Mustafazadə bir çox ölkələrdə caz və ənənəvi üslublarda gözəl ifası ilə Azərbaycan cazını layiqincə təmsil edir.
Bu gün dünyada tanınan cazmenlər arasında ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir bilicilərini heyrətə salan Şahin Növrəslinin də adı var. Moskva cazmenləri onu “Dünya caz səhnəsinin yeni ulduzu” kimi qiymətləndirmişlər.
2009-cu ildə Bakıda keçirilən birinci “Bakı Caz Festival”ı (BCF) ölkədə cazın inkişafında müsbət dönüş yaratdı.
2010-cu ildə keçirilən ikinci “Bakı Caz Festival”ı (BCF) dünyanın ən irimiqyaslı festivallarından biri kimi yadda qaldı. Festivalda Azərbaycan ilə yanaşı, əcnəbi caz ifaçıları da iştirak etdi.
Hal-hazırda Bakıda fəaliyyət göstərən “Baku Jazz Center” Azərbaycanda cazın inkişafına öz töhfəsini verir.



Oxunub: 175187